Prezident Yanukoviç geniş dəstəyə malik olan müvəqqəti hökumətin formalaşdırılması məqsədilə müxalifət liderləri dərhal danışıqlara başlamalıdır.

APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerrinin Ukrayna ilə bağlı bəyanatında deyilir.

C.Kerri hesab edir ki, keçid hökumətinin yaradılması konstitusiya və iqtisadi islahatlara başlamaq üçün yeganə çıxış yoludur.

ABŞ dövlət katibi həmçinin tərəfləri Kiyevdəki zorakılığa son qoymağa çağırıb.

“Ukrayna xalqı və beynəlxalq ictimaiyyət baş verənlərə görə cavabdeh olanları məsuliyyətə cəlb edəcək”, - deyə o vurğulayıb.

Bu açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet bildirib ki, Yanukoviç istefaya getməməlidir. O, məhz Yanukoviçin Ukraynanı gələcəyə aparmağa qadir olduğunu deyib. “Biz fikirləşirik ki, Yanukoviç istefaya getməməlidir. O, xalqının gələcəyini müəyyən etməlidir. Bu isə yeni hökumət, konstitusiya və siyasi sistemdən asılıdır. ABŞ Ukraynada Yanukoviçin istefaya getməsini istəmir”. Qeyd edək ki, səfirin sözlərinə baxmayaraq, ABŞ Ukrayna dövlət rəsmilərinə sanksiyalar tətbiq etməyə hazırlaşır. Rəsmi Vaşinqton indiyə qədər Yanukoviç hakimiyyətinə qarşı sərt çıxış edən əsas dövlətlərdən biri olub.