Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, Ə. İnsanov məhkəmə tərkibinə etiraz əlaməti olaraq prosesdə iştirakdan və zala gəlməkdən imtina edib. Proses onun iştirakı olmadan keçirilib. İclasda çıxış edən dövlət ittihamçısı Ə. İnsanov barəsində olan hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.

Proses fevralın 25-də davam etdiriləcək. Həmin gün məhkəmə qərarı elan edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, AİHM Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.

***

Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə prosesi davam etdirir. Bu gün 2 nəfər şahid ifadəsi verib. Müdafiə tərəfinin qaldırdığı 5 vəsatətin heç biri təmin olunmayıb.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli məhkəmə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Ali Məhkəmə Plenumu onun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

“Azadlıq” radiosunun məlumatına görə, 21 fevral prosesində danışan Əli İnsanov deyib ki, həbsi zamanı tərtib olunmuş protokolun ikinci hissəsini illərdir axtarsa da, tapa bilmir: “Bu mənim hansı şəraitdə saxlandığım, mənə verilən suallar barədə idi. Ona istinad etmək, istifadə etmək üçün axtarıram, tapmıram. Bu hissəni yoxa çıxarıblar”.

Sabiq nazir daha sonra deyib: “Cəmiyyətə belə təqdim ediblər ki, guya Əli İnsanovun evindən qızıl külçələr çıxıb. Belə bir şey olmayıb, əgər qızıl külçə tapılıbsa, gətirilsin məhkəmədə nümayiş olunsun. Avropa Məhkəməsi mənim günahsız olduğumu sübut etdi. Baxmayaraq ki, məni dövlət çevrilişində, korrupsiyada ittiham ediblər. Milli Təhlükəsizlik Nazirliyində mənim işimlə bağlı 5 min adam ifadə verib. Heç biri mənə pul verdiyini, yaxud mənim rüşvət istədiyimi deməyib. Saxlanma zamanı da 20-yə yaxın adam ifadə verib, MTN-in təzyiqlərinə baxmayaraq əleyhimə ifadə verməyiblər”.

Məhbus səhiyyə naziri xələfi Oqtay Şirəliyevi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadəni, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu məhkəmədə dindirməyi tələb edib.

***

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilir.

Hafta.az-ın prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, artıq məhkəmə başlayıb.

Ötən məhkəmə iclasında sabiq nazirin vəkili Toğrul Babayev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarovun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsadət qaldırıb. Məhkəməyə çağırılması tələb edilənlər arasında İqtisadi İnkişaf Nazirliyinin Aslanov və Vəliyev soyadlı iki əməkdaşı da olub.

Ə.İnsanovun vəkilinin vəsatətləri qismən təmin edilib. Belə ki, nazirliyin adıçəkilən iki əməkdaşı məhkəməyə şahid qismində dəvət edilib. Ehtiyac olarsa, digər adları çəkilən şəxslərində məhkəməyə dəvət olunacağı bildirilib.

Bu günkü iclasda həmin şahidlər ifadə verir.