Ukrayna Yanukoviç və komandasının cani elan edilməsini tələb edir
Ukraynanın müdafiə naziri Pavel Lebedev səlahiyyətlərini heç kimə təhvil vermədən Krıma gedib. Son məlumatlara görə, hazırda son olaylar zamanı ordunun dislokasiyası və yer dəyişməsiylə bağlı nazirlikdəki bütün sənədlər yandırılır.
Ukraynada insan haqlarının pozulması üzrə ictimai komissiya Prezident Yanukoviç başda olmaqla 25 yüksək vəzifəli dövlət məmurunu xalqa qarşı güc işlətməkdə məsul şəxs elan edib.İctimai komissiyadan unian.net-ə verilən xəbərə görə, siyahı Avropa Birliyinin tövsiyəsi əsasında hazırlanıb. Siyahıdakı şəxslərin hər birinə xüsusi sanksiyalar tətbiq ediləcək.
Prezident Yanukoviçin rəhbərlik etdiyi siyahıda prezident administrasiyasının rəhbəri Andrey Kluçevin, baş nazir əvəzi Sergey Arbuzovun, keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonun, keçmiş baş prokuror Viktor Pşonkanın, prezident administrasiyası rəhbərinin müavini Andrey Portnovun, ədliyyə naziri Yelena Likaş, baş nazirin müavini Yuri Boyko, xarici işlər naziri Leonid Kojara, Ali Radanın sədri Vladimir Rıbak, eks-baş nazir Nikolay Azarov, Kiyev Şəhər Dövlət Administrasiyasının sədri Aleksandr Popov , Kiyev Daxili İşlər İdarəsinin rəhbəri Valeriy Koyak və digər yüksək rütbəli güc strukturları təmsilçilərinin adları var.

İlkin siyahı artıq Avropa Birliyinə təqdim edilib. Bu isə o deməkdir ki, artıq siyahıdakı şəxslərin Avropaya çıxışı mümkün deyil. Bu arada Ukrayna vətəndaşları kütləvi şəkildə Yanukoviç və Ukraynanın bütün keçmiş hakimiyyət üzvlərindən Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər göndərməyə başlayıb. Şikayətdə Yanukoviç və komandasının insanlığa qarşı törətdikləri cinayətə görə cəzalandırılması tələb edilir.

Şərhlər