“Lisenziyalarla əlaqədar internet portalın yaradılması, o cümlədən qanun layihəsinin hazırlanaraq 3 ay müddətinə Milli Məclisə təqdim edilməsi üçün 2011-ci ilin fevralında cənab prezidentin fərmanı olub. Bu, prezident tərəfindən verilən ikinci fərmandır, 2015-ci ildə bir daha yadınıza salır ki, qanun layihəsi 4 il əvvəl verilməli idi”.
Modern.az xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, sahibkarları narahat edən əsas məsələlərdən biri lisenziyaların verilməsidir: “Onların nə cür verilməsi, hansı orqanlar qarşısında hansı məsuliyyət daşımaları, vaxtları və digər məsələlər həmişə problem olaraq qalır. Lisenziya və icazə fərqi nədən ibarətdir? İcazə ilə əlaqədar qeyri-obyektiv işlər aparılır. Məsələn, rayon icra hakimiyyətlərinə icazə veriblər ki, çaylardan cınqılları daşımaq üçün razılıq versinlər. Hazırda Şimal rayonlarında vəziyyət acınacaqlıdır. Orada çaylardan o qədər cınqıl daşınır ki, körpülər artıq tab gətirmir, çaylar öz məcrasından çıxır. Belə razılıqların verilməsi məqsədəuyğun deyil”.
Deputat onu da vurğulayıb ki, lisenziyaların sayı da narahat doğuracaq məqamlardandır: “Əsas iş lisenziyaların sayının azaldılması istiqamətində gedir. Biz hər sahəyə görə lisenziya verə bilmərik. Bu prinsipə bir qədər aydınlıq gətirilməlidir. Lisenziyanın sayı nə qədər az olarsa, sahibkarların işi bir o qədər rahat olur. Bundan başqa, lisenziya verənlərin də sayı çoxdur və elə bir nazirlik yoxdur ki, lisenziya verməsin. Bunlar hamısı isə korrupsiya mənbəyidir. Lisenziyada vahid pəncərə prinsipinin tətbiqi vacibdir”.


Şərhlər