Nabatəli Qulamoğlu

------------------------

Bu mövzuda yazmağa məni təhsil ekspertləri vadar etdilər. Daha doğrusu, tanınmış alim Şahlar Əsgərov FB səhifəsində təhsilimizin geridə qalmasnın günahkarı kimi tərcüməçiləri suçlayıb. Düzdür, hörmətli alim çxış yeri qoyub. Etiraz eşidəndə deyəcək ki, o, səbəblərdən birini deyib. Hörmətli ekspert Nadir İsrafilov da “tərcümə pedaqogikasına “ girişərək problemə xüsusi yazı həsr edib. Şahlar müəllimin bir sıra fikirlərini (məsələn, oxumaq vasitə, öyrənmək məqsəddir və s. ) təkrar edib. Bir sözlə, həmkarlarım Azərbaycan təhsilinin günahını yıxıblar “öyrənmək” sözünün vaxtilə düzgün tərcümə edilməməsi üzərinə. Elə Şahlar müəllimin postuna şərh yazan tələbə yoldaşı da eləməyib tənbəllik. Yazıb ki, ay Şahlar müəllim, həmin söz düzgün tərcümə olunmayıbsa, onlar niyə elmlər doktoru dərəcəsinə kimi yüksəliblər.

Yadıma məşhur bir türkmən lətifəsi düşdü. Avtomobil görməyən bir türkmən birdən varlanıb maşın alır. Dilini bilmədiyi üçün türkmənin maşını yolda xarab olur. Digər həmyerlisini əl eləyib saxlatdırır və köməyə çağırır. O biri türkmən də bilici kimi maşının təkərlərini təpiklər və deyər ki, təkərlərin havasını azaltsa, motor işə düşəcək. Özü çxıb gedir və ardınca yalnız söyüş aparır.

Oxşar situasiya məhz bizim təhsilimizlə bağlı yaranmışdır. Amma türkmən “usta”dan fərqli olaraq, bizim ekspertlər yaxşı bilirlər ki, “motor” niyə işə düşmür. Məni heyrətləndirən də budur ki, onlar “təkərlər”i niyə təpikləyirlər.

Keçək məsələnin elmi tərəfinə. “Oxumaq” dilimizdə çoxmənalı sözlərdən biridir. Onun məhz ikinci mənasını “Azərbaycan dilinin izahlı lüğəti”ndən olduğu kimi verirəm: 2. təhsil almaq, elm almaq, öyrənmək (səh 518). Bu sözün izahlı lüğətdə göstərilən mənası dilimizdə yüz ildən çoxdur ki, oturuşub. Tərcüməçilər də məhz hərfi tərcümə düzgün alınmadığına görə çox yerli-yerində tərcümə ediblər. Həm “öyrənmək”, həm də “oxumaq” sözlərinin çalarları müxtəlif və rəngarəngdir. Ona görə də nitqimizdə kontekstdən asılı olaraq, bu və ya digər sözdən istifadə edilməsi faktdır. Problemin elmi tərəfi üzərində çox dayanmayacağam, çünki bizi belə məsələlər əsas problemdən yayındırır. Bu, məqsədli və ya bilmədən edilir - deyə bilmərəm.

Azərbaycan təhsilinin problemlərini Şahlar müəllim məndən qat-qat yaxşı bilir. Bu problemləri sadalamaq üçün elə böyük cəsarət də lazım deyil. Sadəcə, hər bir vətəndaşın ictimai mövqeyi olmalıdır. Fikir bildirmək üçün sağ qulağı sol əl ilə tutmağa ehtiyac yoxdur. Problemləri sadalamağa gəlincə, iki başlıca məsələni qeyd edərdim: təhsilin həddən artıq siyasi yüklü olması və kadr problemi. Birinci problemi hələ ki, heç bir ekspert dilinə gətirmir. Kim dana bilər ki, saxta seçkilər məktəblərdə təlim-tərbiyə prosesini pozub. Ona görə təlim prosesi pozulur ki, məktəb direktorları, müəllimlər, bəzən də şagirdlər dərsi qoyub seçki ilə məşğul olurlar. Ona görə tərbiyə prosesini pozur ki, seçkilər məhz şagirdlərin və valideynlərin iştirakı ilə saxtalaşdırılır. Digər tərəfdən, cəmiyyət mənfi aurası ilə şagirdlərin tərbiyəsini pozur: korrupsiya, havadarlıq, yerlibazlıq, siyasi baxışlarına görə təhdid etmə - bütün bunlar şagirdləri ümumi dəyərlərdən yan keçməyə sövq edir. Onlar gələcək həyatını elə qurmaq istəyirlər ki, soyuducunu açıb baxanda ah çəkməsinlər. Bizim cəmiyyətdə firavan yaşamaq isə məhz yarınmaqdan, yaltaqlıqdan, donos verməkdən keçir. Sizcə, gələcək vətəndaş bunun hansını seçməlidir?

Çox bədbin olmayaq. Açıq-aşkar təhsilimizin anasını ağladıblar. Təhsilin intiqamı isə daha yaman olur. Əvvəla, hakimiyyət düşünürdü ki, əhali nə qədər bisavad olsa, bir o qədər sözəbaxan olar - baş tutmadı. Nardaran hadisələri göstərdi ki, bisavad xalq kütləyə çevrilir. Savadlıların etirazı yenilik gətirirsə, kütlənin etirazı ictimai faciələrlə nəticələnir.

Ən başlıcası. Artıq deyirlər ki, Milli Bankın valyuta ehtiyatları 6 milyarda enib. Bax, əzizim Şahlar müəllim, bunun səbəbini təhsildə axtarmaq lazımdır. Bilirəm, dilçilik elmindən fərqli olaraq bu sahədə mütəxəssisiniz. Slans qazı və slans neftinin nə olduğunu yəqin bilməmiş deyilsiniz. Artıq dünyada neft- qaz resursları ilə öyünmək erası bitdi. İndi ağıl erasıdır, çünki texnologiya neftə və qaza qalib gəldi. Qoy rəsmilər də bilsinlər ki, təhsilin intiqamı yaman olur.