Menu

“Qaz müharibəsi”: Türkiyə Rusiyanı kənara itələməyə cəhd göstərir! – Bacaqacaqmı?

22.12.2015, 01:26
“Qaz müharibəsi”: Türkiyə Rusiyanı kənara itələməyə cəhd göstərir! – Bacaqacaqmı?

Türkiyə Rusiyasız kifayət həcmdə enerji resursları ala biləcəkmi? Son illər Türkiyənin qaz istehlakı artıb və 2014-cü ildə 48 milyard kubmetrə çatıb. Demək olar ki, Türkiyə öz istehlakının hamısını idxal hesabına ödəyir. Əsasən də Rusiyadan. Beləki, Türkiyənin aldığı qazın 57%-i Rusiyanın payına düşür. Qaz və enerji istehlakının artması artıq uzun müddətdir ki, sabit və əhəmiyyətlli dərəcədə böyüyən Türkiyə iqtisadiyyatı ilə paralel gedir. Belə bir pozitiv tendensiyanın tezliklə dayanacağına dair heç bir əsas yoxdur. Təbii qaza olan tələbat isə ildən-ilə getdikcə artır.

Ona görə də, Moskva və Ankaranın “Türk axını”nın çəkilməsi ilə əlaqədər danışıqlar aparması təəccüblü deyil. Həmin layihə Türkiyə üçün yaxşı tanıdığı əməkdaşlığın davam etdirilməsi idi. Bu “Cənub axını”nın bitməsindən sonra B planı deməkdi. “Türk axını” Türkiyəyə gedən qazın həcmini artırmalı və eyni zamanda da rus qazının Türkiyə-Yunanıstan sərhəddinə, yəni düz Avropa Birliyinin astanasınadək çatmasını təmin etməliydi. Rusiya Brüsseli Bolqarıstanı “Cənub axını”ndan vaz keçməyə məcbur etməkdə günahlandırır. Amma Türkiyə AB-nin üzvü olmadığına görə, Brüssel “Türk axını”na heç cür təsir göstərə bilməzdi. Qaz kəməri çəkiləndən sonra avropalı istehlakçılar AB-nin sərhəddində “Türk axını”ndan rus qazının alınması məsələsini özləri həll edə bilərdilər.

İndi bütün məsələlərə yenidən baxılmalıdır? Birinci məsələ: Türkiyənin hansı qaz alternativləri var? Müəmmalar və ehtimallar artmağa başlayır. Hətta qazın İsraildən Türkiyəyə, oradan isə Avropaya gedəcəyi barəsində nəzəriyyələr dolaşsa da, Türkiyənin rəsmi nümayəndələri bunu təkzib ediblər. Bəs, əlavə hansı ölkələr Türkiyəyə qaz göndərməyə hazırdırlar? Ankara ilə siyasi baxımdan qarşılıqlı anlaşmada olan Səudiyyə Ərəbistanı ilə Qatar bu işdə maraqlı ola bilərlər. Amma Suriya və İraqdakı müharibə qaz kəməri inşasını mümkünsüz edir. Sıxılmış qaz nəqli isə həmişə mürəkkəb və eyni zamanda da hədsiz bahadır.

Digər variant İrandır. Yumşaq söyləsək, buradakı ikitərəfli əlaqələr mürəkkəbdir. Ancaq İran Türkiyənin qonşusudur və təbii qaz ehtiyatına görə dünyada ikinci yerdədir. Bundan başqa bu ölkənin üzərindən sanksiyaların götürülməsi prosesi başlayıb. Tehran və Ankara arasında narazılıq və inciklik olmasına baxmayaraq, Avropa Birliyi İran ilə münasibətlərini yaxşılaşdırmaq istəyir. Bununla əlaqədar olaraq, Avropa Türkiyənin zəngin İran qazı ilə avropalı istehlakçılar arasında körpü rolu oynamağa hazır olmağa səsləyə bilər. Əlbəttə, bu tamamilə ağlabatan variantdır. Çünki Avropanı Rusiya qazından asılılıqdan qurtara biləcək ölkənin İran ola biləcəyi barəsində on ildən artıqdır ki, diskussiyalar gedir.

Ancaq bu baş verənə kimi, bir çox əngəllər aşılmalıdır. Hazırda İran qazının Avropaya və ya heç olmazsa qonşu Türkiyəyə çatdırılması üçün yeni qaz kəməri yoxdur. Digər problem isə İran qaz sektorunun bu böyük məsələni həll etmək gücünə malik vəziyyətdə olub-olmamasıdır. Aydındır ki, uzun illər ərzində davam edən sanksiyalar səbəbindən İranın qaz sektorunu qətiyyən müasir və effektli saymaq olmaz. Həm də ki, İrandan neft və qazın nəql olunması perspektivini dəyərləndirəndə, bu ölkənin enerji sektoruna İranın dövlət xarakterinin çox güclü təsiri də unudulmamalıdır. 2013-cü ildə “Oksford enerji araşdırmaları institutunun” (Oxford İnstitute for Energy Studies) dərc etdiyi analızdə İranın böyük təbii qaz ixracatçısı ola bilməyəcəyinin səbəbləri detallı şəkildə analiz edilib. Araşdırmanın müəllifi Devid Ramin Calilvənd aşağıdakı faktları sadalayır: iqtisadiyyatın, subsidiyaların dağınıqlığı və siyasiləşməsi, həmçinin müəssisələr arası münaqişlər.

Bütün bu problemlərin həll olunmasının mümkünlüyünə və İran təbii qazının qlobal enerji təhlükəsizliyini möhkəmləndirəcəyinə isə şübhə yoxdur. Lakin indiki anda biz İran qazının çox asanlıqla artan Türkiyə tələbatını qane edəcəyini və sonra isə Avropa bazarına yol tapacağını iddia edə bilmərik.

Türkiyəni təbii qazla təchiz edə biləcək ölkələr içərisində yeganə Azərbaycan qalır. Onlar Tükiyə ilə qonşudurlar və aralarında çox yaxşı münasibətlər var. Bu iki ölkə birlikdə Azərbaycan qazını Avropaya çatdıracaq Transanadolu (TANAP) qaz kəmərinin tikintisini həyata keçirirlər. Ona görə də Moskva ilə Ankara arasında böhran başlayanda Azərbaycan və Türkiyə TANAP-ın tikintisinin sürətləndiriləcəyini elan etdilər. Əvvəl bu tikintini 2018-ci ildə qurtarmaq planlaşdırılırdı. Amma tikintinin nə zaman bitəcəyi hələlik elan olunmayıb və bu kəmərin Rusiyanın Avropa bazarındakı iştirakına güclü zərbə vuracağını güman etmək isə hədsiz nikbin görünər.

Ümumiyyətlə isə çoxlu suallar yaranır. Məsələn, Azərbaycan ixrac ilə bağlı vədlərini yerinə yetirə biləcəkmi? Biz bilirik ki, TANAP üçün əsas qaz mənbəyi nəhəng Şahdəniz yatağıdır və Azərbaycan üçün digər kəmər (Transadriatik) Avropa Birliyinin üçüncü enerji zərfindən yeni qəbul şəhadətnaməsi alıb. Şahdəniz TANAP kəmərini doldurmalıdır. Bizə həmçinin məlumdur ki, keçmiş onillikdə geopolitik prioritetlər dəyişiləndə, Gürcüstan Rusiya qazından Azərbaycan qazına keçib. Ancaq indi Tbilisi ilə “Qazprom” arasında Gürcüstana nəql edilən qazın artırılması barəsində razılıq haqda məlumatlar gəzir. Bu gün Gürcüstan qazının yalnız 8%-i Rusiyadan idxal edilir. Gürcüstanın enerji naziri bidirir ki, əgər Azərbaycan Şahdənizdən nəql etdiyi qazın həcmini artırmazsa, onda onlar “Qazprom”dan qaz almaq məcburiyyətində qalacaqlar. Görəsən Bakının bu yataq üzrə nəzərdə tutulan qazın hasil olunması planını həyata keçirə biləcəyinə ciddi şübhələr varmı? Aşağı düşən neft qiymətləri hər hansı rol oynayırmı? Çünki Şahdəniz yatağının işlənməsini neft satışlarından gəlir əldə edən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) həyata keçirir. Bu yaxınlarda ARDNŞ-in neft quyusunda baş verən yanğının nə qədər mənfi nəticələri olacaq?

Bütün bu sullara cavab, Türkiyə və Avropaya göndərilməsi nəzərdə tutulan Azərbaycan qazının həcminin artırılmasının mümkün olması barəsində diskussiyalar başlamamışdan əvvəl tapılmalıdır. Həmçinin siyasətdə mühüm faktordur: 20 ildən artıqdır ki, Azərbaycanın Avropaya nəql ediləcək qaz məsələsində Rusiya üçün ciddi rəqib olacağı haqqında söhbətlər dolaşmasına baxmayaraq, Moskva ilə Bakı arasındakı münasibətlər kifayət qədər dostcasınadır. Azərbaycan rəhbərliyi Rusiyanın artan rəqabəti barəsində çox ehtiyatla fikir söyləyir. Hətta Ukrayna böhranından əvvəl də.

Kimsə Bakının cəhdlərinin önünü almaq üçün Qarabağ münaqişəsinin Moskvaya əlavə təsir imkanları verməsini söyləyə bilər. Amma ARDNŞ–in potensial çətinliklərini diqqətə alıb, Azərbaycan tərəfinin Rusiya qazının nəql olunması barəsində “Qazprom”un irəli sürdüyü təkliflə razılaşmasının vaxtının gəlib çatmasını söyləyə bilərikmi?

Əgər bu baş verərsə, onda Rusiya qazı TANAP kəmərinə daxil olacaqmı? Və yaxud Rusiya qazı daxili tələbatı ödəmək üçün istifadə ediləcək, Azərbaycan qazı isə ixrac olunacaq?

Ancaq istənilən halda Türkiyənin öz tələbatını Rusiyadan əlavə qaz idxal etmədən ödəmək cəhdləri bahalı olmaqla yanaşı, həm də böyük səylər tələb edir. Biz tezliklə Ankaranın hansı seçim edəcəyini və bunun Avropa bazarına gedəcək Rusiya qazının mövqeyinə necə təsir göstərəcəyini görəcəyik. (The National İnterest)

Tərcümə etdi: Vaqif NƏSİBOV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol