Qulu İbrahimli: “Görəsən kimə və ya hansı quruma 1,05 ilə dollar satılıb?”

Bu gün Bakıda valyuta birjasında manatın dollara nisbəti əvvəlki kursuna – 1.05-ə düşüb, sonra yenidən 1.55-ə qalxıb. “AzPolitika.info”nun məlumatına görə bu sensasiyalı faktı maliyyəçi Qulu İbrahimli qeydə alıb. Ekspert bununla bağlı Feysbukda yazıb:

“Başa düşmədim. Bu necə izah oluna bilər? Bu gün Bakıda valyuta birjasında 40 dəqiqə ərzində kurs 1.05-ə düşüb, sonra yenidən 1.55-ə qalxıb. Görəsən kimə və ya hansı quruma 1,05 ilə dollar satılıb? Ehtimalım özün doğruldur deyəsən...”

Q.İbrahimli ehtimal edir ki, xarici tərəfdaş qarşısında borcunu ödəmək üçün hansısa dövlət qurumuna və ya dövlətin payı olduğu banka, kommersiya təşkilatına dollar lazım olub. “Həmin qurumun da maliyyə vəziyyəti imkan vermədiyinə görə, aşağı kursla valyuta satıblar. Müəmmadır”.

“Marja” isə xəbər verir ki, Valyuta bazarı (Forex) üzrə mütəxəssislər iddia edirlər ki, qrafikdə kursun kəskin düşüb qalxması vaxtında pulunu dollara çevirə bilməyənlərə şəraitin yaradıldığına işarə edir. Ehtimal olunur ki, bəzi oliqarxlar pullarını köhnə məzənnə ilə manatdan dollara çevirdiklərindən məzənnəni göstərən qrafik kəskin enib qalxır.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, belə bir hal nəğd ödənişlər üçün deyil, elektron şəkildə bank hesablarında olan məzənnənin dəyişdirilməsi üçün istifadə edilə bilər: “Yəni texniki cəhətdən bu mümkündür. Bunun  necə baş verdiyini və hansı formada olduğunu söyləmək isə çətindir. Çünki bu texniki məsələ də ola bilər. Platformada hər hansı problem yaranıb sonra dəyişə də bilər. Bu ciddi araşdırma mövzusudur. Əgər belə bir şey varsa, hüquq-mühafizə orqanları bunu ciddi şəkildə araşdırmalıdır. Bu birbaşa hüquq pozuntusudur. Azərbaycan Mərkəzi Bankının razılığı olmadan bu əməliyyat edilə bilməz. Əgər olubsa, birbaşa Mərkəzi Bankın razılığı ilə olub”.

Valyuta birjasında manat-dollar kursu ilə bağlı müəmmalı enib-qalxmanı aşağıdakı linkdən izləmək olar: