Keçmiş səhiyyə naziri Əli İnsanov Bakı Apellyasiya Məhkəməsinin fevralın 25-də keçiriləcək iclasında iştirakdan imtina edib. Vəkil Toğrul Babayev “Turan”a bildirib ki, Əli İnsanov Bakı İstintaq Təcridxanası vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə bəyanat göndərib.
Bəyanatda deyilir: “İşə Bakı Apellyasiya Məhkəməsində siyasi sifarişlə baxıldığına, müdafiə, çəkişmə, təqsirsizlik prezumpsiyası hüquqlarım kobud şəkildə pozulduğuna, müdafiə tərəfinin bütün vəsatətləri rədd edildiyinə, dəvət etdiyi şahidləri dindirməkdən boyun qaçırdığına, məhkəmə tərkibinə etirazlara məhəl qoymadığına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra olunmadığına, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanacağı əvvəlcədən məlum olduğuna etiraz olaraq apellyasiya baxışında iştirakdan imtina edirəm”.

Şərhlər