86 yaşlı Bakı sakini Sultanova Anaxanım Şaban qızı Prezident İlham Əliyevə şikayət məktubunun bir sürətini də AzPolitika.info-ya göndərib. Əmlak Məsələləri Dövlət Komitəsinin rüşvət tələbindən bəhs olunan təsirli məktubu olduğu kimi təqdim edirik.
“Hörmətli cənab Prezident!
Mən bilirəm ki, şikayət məktublarına heç kim yaxşı baxmır. Heç mənim də şikayət yazmaqdan xoşum gəlmir. Amma vaxtınızı almağa məcbur oldum .
Mənim 86 yaşım var, amma yaşımın çox olmasına baxmayaraq, Sizin bütün çıxışlarınızı televizor vasitəsi ilə izləyirəm. Hər dəfə yeni bir söz deyəndə, xalqın rifahı naminə bir çıxış, yeni fərman, sərəncam olanda çox sevinirəm. Deyirəm bəlkə dünyamız düzəldi. Düzəlməməyinə də bir səbəb yoxdur. Allah xalqımıza əmin-amanlıq qismət etsin.
Mən 2001-ci ildə alqı-satqı yolu ilə bir ev almışam, elə həmən ildə də adıma rəsmiləşdirilərək kupça və texniki pasport da verilib. Ev Nəsimi rayonu “Hərbi şəhərcik”(PAPANİN) deyilən yerdə, C.Məmmədquluzadə küçəsi ev 85/259A ünvanda yerləşir. Aldığım “Finskiy” ev taxtadan tikilib, suvaq vurulmuşdur.
1950-ci illərdən də qabaq istismarda olan bu evlər torpaq sahəsi ilə birgə satılmışdır (Burada bütün evlər torpaq sahəsilə birgə satılır). Ev istismara yararsız olduğundan sökülərək yerində müasir tələblərə cavab verən yeni ev tikmək üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik.
Nəsimi rayon İcra Hakimiyyətinin məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2002-ci ildə C.Məmmədquluzadə küçəsi ev 85/259A ünvanda 0,435 Ha torpaq sahəsində köhnə 3 otaqlı evin sökülərək yerində müasir üslubda yeni evin tikilməsinə “Sərəncam” verildi. Bakı şəhər Arxitektura və Memarlıq baş idarəsi tərəfindən sənədlərin hazırlanması üçün bir neçə müvafiq idarə və təşkilatlara rəsmi göstərişlər verildi. İcazələr alındıqdan sonra mənə aid, 0,435 ha .torpağa da “Ayrıc Aktı” verildi. Bakı şəhər xəritəsində ünvanın cizğisi çəkildi, bir sözlə müvafiq sənəd və icazələr qovluqda qaytanlanıb, möhürlənib, bizə təqdim olunduqdan sonra tikilməsini reallaşdırmağa başladıq. 2003-cü ilin sonlarından evimizi tikdirib, qızımın 5 nəfər ailə üzvləri ilə rəsmi qeydiyyata düşərək o evdə yaşayırıq .
Amma evin “Hüquqi qeydiyyata” alınmasını bu günə qədər reallaşdıra bilmirik. Yaşımın çox olması səbəbindən evin rəsmi qeydiyyatını gerçəkləşdirib qızımın, yaxud nəvələrimin birinin adına keçirmək istəyimi Daşınmaz Əmlakın Dövlət Reyestri Bakı şəhər Ərazi İdarəsi gerçəkləşdirməyə imkan vermir.
Həmin idarəyə əvvəlcə gedib hansı sənədlərin lazım olması barədə siyahı almışam. Siyaha üzrə çatışmayan sənədlər - torpaq sahəsi üçün Kadastr (sertifikat) və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən evin Hüquqi qeydiyyata alınması üçün “Sərəncam” alaraq təqdim etmişəm.
Reyestr xidmətinin hüquqşünasları tərəfindən araşdırılaraq rəy yazılıb, sonra “hüquqi qeydiyyata” alınması üçün qəbul edilib və sənədlərin hazır olmasının 17-ci günü (20 gündən sonra hazır olmalı idi) zəng edib tələb olunan rüşvəti verməsəm imtina edəcəklərini dedilər. “Biz sənədlərimizi təqdim olunmuş siyahı üzrə, həmçinin Qanunvericilik bazasının tələbləri ilə hazırlamışıq, orada çatışmayan sənəd yoxdur, ailədə işləyən olmadığından ancaq “şirinlik” verə bilərik” - dedik.
Onlar da “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir” yazaraq, imtina məktubu göndərdilər. Amma yuxarıda qeyd etdiyim kimi, “Qanunvericilikdə tələb olunan bütün hüquqmüəyyənedici sənədlər var. Kürəkənim dəfələrlə yanlarına getsə də, heç bir aydınlıq gətirmək istəmədilər. Kürəkənim onlara deyib ki, Sizdən Rəhbərinizə, Milli Məclisə, lazım gəlsə, lap Cənab Prezidentə şikayət edəcəm. Cavabında Bakı şəhər Reyestr Xidmətinin cavan rəis müavini lovğa-lovğa üzünü turşudub: get kimə istəyirsən şikayət et, o sənin hüququndur. Məhkəməyə şikayət etsən bütün instansiyaları gəzməli olacaqsan .
Elə bil zəhmətimizlə, öz vəsaitimizlə tikdirdiyimiz ev onun babasından miras qalıb, əllərindən zorla almaq istəyirik.
Sonra məcbur qalıb onlara verdiyimiz sözə əməl edərək, Kərəm Həsənova, Milli Məclisə, Sizin e-mail ünvanınıza və Mehriban xanım Əliyevaya şikayət məktubları ünvanladıq .
Aydındır ki, şikayət məktublarını yuxarıda qeyd olunan Dövlət strukturlarının Birinci şəxsləri yox, müvafiq şöbələr nəzarətə götürür. Maraqlı cəhəti odur ki, şikayət məktubuna əlavə kimi evin “hüquqi qeydiyyata alınmasına dair” bütün müvafiq sənədləri təqdim etmişdim. Ancaq bu xidmətlərin heç biri nə şikayəti araşdırdı, nə də nəzarətə götürdülər. “QANUNLARIMIZIN” beşiyi sayılan Milli Məclisimizdən xahiş etmişdik ki, şikayətimizə hüquqi müstəvidə baxılsın və bizə qarşı edilən hörmətsizliyə, ədalətsizliyə və haqsızlığa hüquqi qiymət verilsin. İstisna kimi heç olmasa bircə “fərdi ev” rüşvətsiz həll olunsun.
Biz bilirik bu məktublara müvafiq xidmətlər baxmalıdırlar. O xidmətlər başa düşürlər ki, məktublar ölkənin birinci adamlarına ünvanlanır. Barı onların adlarına hörmət etsinlər. Axı şikayətçi O şəxslərdən ümid gözləyir. Qanunlar çərçivəsində hökumətimizdən haqqını, hüquqlarını tələb edir.
Bəlkə Kərəm Həsənovun komitəsi düz işləyir - biz böhtan atırıq? Bəlkə doğrudan hansısa hüquqmüəyyənedici sənəd çatışmır?
Bütün xidmətlərin hüquqşünasları var, baxıb həqiqəti desinlər.
Hörmətli Cənab Prezident, sonuncu çıxışınızda qeyd etdiniz ki, SİZ xalqın xidmətçisiniz. Əgər Siz xalqın xidmətçisinizsə onlar yüz dəfə, min dəfə, bu xalqın xidmətçisi olmalıdırlar .
Həmçinin sonuncu çıxışınızda korrupsiya və rüşvətxorluqla mübarizədə amansız olacağınızı söylədiniz və cəmiyyətin də bu işdə köməyinin vacib olduğunu vurğuladınız:
“Korrupsiya, rüşvət nədir ki, bizim işimizə, adımıza ləkə salsın”, dediniz. Siz xalqa verdiyiniz bu möhtəşəm öhdəliyə ən Ali Qurumların məmurları beləmi xidmət göstərir? Onlar layiq olmadığı o kürsülərdə necə rahat otura bilirlər. Axı hər kəs Ölkəmizin çiçəklənməsi, inkişafı naminə cənab Prezidentin hər bir öhdəliyinə özlərini fəda etməyi bacarmalıdırlar, nəinki şikayəti gizlədib (məktubun ünvanlandığı o böyük şəxsiyyətlərə satqınlıq edərək) Kərəm Həsənovun yanında xal qazanmağa çalışaraq, “gələcəkdə bəlkə işimiz düşər” deyə rüşvətxorluğa bulaşmış komitə qarşısında özlərini aşağılayırlar.
Mənim şikayətimə bu cür münasibətin göstərilməsini pisləyir və hüquqlarımın tapdanması kimi qiymətləndirirəm.
Bu dəfə məktubumun aqibətindən ehtiyatlanaraq, bir surətini ictimaiyyətin qınağına da ünvanlayıram .Yəqin ki, Hörmətli Prezidentimiz məmurlarımızın bu cür “şərəf” və “ləyaqət” sahibləri olmağından xəbər tutar, “rüşvətxorluq və korrupsiya” ilə amansız mübarizə kimi ağır, uzun və şərəfli yolu bu məmurlarla getmək olarmı? Bilmirəm! Bu başqa mövzunun sualıdır .
Bütün hallararda bu şərəfli yolda Sizə və kim mübarizə aparırsa ona mətinlik, dözümlük və uğurlar arzulayıram .
Hörmətli cənab Prezident, xahiş edirəm yuxarıda qeyd olunanları nəzərə alaraq, mənim şikayətimə vicdanla yanaşılmasına və müvafiq “Qanunlarımız” çərçivəsində həll olunmasına göstəriş verəsiniz.
Hörmətlə: Sultanova Anaxanım Şaban qızı.
Bakı şəhəri , C . Məmmədquluzadə küçəsi ev 85/259a”
Əmlak Məsələləri Dövlət Komitəsinin münasibətini dərc etməyə hazırıq.
V.Nəsibov

Şərhlər