“Bu yaxınlarda Rusiya Federativ Respublikasının prezidenti V.V.Putin Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib ki, Krımda Rusiya beynəlxalq hüququ pozmayıb. BMT Nizamnaməsi hər bir xalqa öz müqəddəratını təyin etmək hüququ verib. Kosovodan fərqli olaraq Krımda referendum keçirilib və Krım xalqı öz müqəddəratını təyin edərək Rusiya ilə birləşib”.
Ədalət Partiyasının bu gün yaydığı bəyanatda belə deyilir. Sənəddə daha sonra bildirilir:
“İxtisasca hüquqşünas olan V.V.Putin yəqin bilir ki, ruslar BMT-nin Nizamnaməsinə uyğun öz müqəddəratını təyin edərək, Rusiya Federasiyasını yaradıblar. Krımda, Donetskdə, Luqanskda və dünyanın hər hansı bir yerində yığcam halda yaşayan ruslara xalq statusu verərək onlara öz müqəddəratını təyin etmək hüququ verilmir. Əks halda dünyada yüzlərlə rus dövləti yaranar ki, bu, BMT Nizamnaməsinə ziddir. Eynilə də Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağda yaşayan vaxtilə Qriboyedov tərəfindən oraya İrandan köçürülən ermənilər xalq deyil, Azərbaycan torpağında məskunlaşan Azərbaycan vətəndaşlarıdır. Erməni xalqı BMT Nizamnaməsinə uyğun öz müqəddəratını təyin edərək Ermənistan Respublikasını yaradıb. Dünyanın başqa yerlərində kompakt yaşayan (məsələn, Stavropolda, Krasnodarda, Rostov vilayətində) ermənilər xalq kimi öz müqəddəratını təyin edə bilməz. Rusiya kimi böyük dövlətin prezidentinin beynəlxalq hüquqa belə hörmətsiz yanaşması separatizmi gücləndirər və millətlərarası çaxnaşma yaradar”.

Şərhlər