"Heç kəs həmin etirazları kiminsə ayağına yaza bilməz"
Hüquq-mühafizə orqanlar regionlarda başlayan kütləvi aksiyaları müxalifətlə bağlasa da, əksəriyyət bu fikirlərlə razı deyil. Çünki insanlar hakimiyyətə deyil, bahalaşmaya, inhisarçılığa və işsizliyə etiraz edir. Elə deputat Zahid Oruc da modern.az-a açıqlamasında etiraz edən insanların haqlı olduğunu vurğulayaraq, hökuməti təcili tədbirlər görməyə çağırıb: “Nəzərə almaq lazımdır ki, bölgələr üzrə sosial vəziyyət eyni deyil. Məsələn, Siyəzən daha az torpaq sahəsinə malik regiondur. Buna görə də əhalinin yaşayış vəziyyəti digərlərindən geri qalır. Ağcabədidə daha çox köçkünlərin məskunlaşdığı da məlumdur. Ilk üzülən hissələrdən biri də ora olmalı idi. Həmçinin, Lənkəranda insanlar uzun müddətdir dənizdən istifadə imkanları əllərindən alındığına görə etirazlarını gündəmə çıxarmağa məcbur olublar. Bu təbii qarşılanmalıdır. Heç kəs həmin etirazları kiminsə ayağına yaza bilməz. Bu, insanların mövqeyidir. Hökumət də bunu təhlil etməli, nəticə çıxarmalı, bir neçə istiqamətdə təcili tədbirlər görməlidir.
Hər hansı iqtisadi, maliyyə addımından öncə insanlarda inamı bərpa etmək lazımdır. Məsələ təkcə manatın ucuzlaşmasından doğan problemlərdə deyil, məsələ həm də ondadır ki, xalqın inamı sarsılıb”.
Zahid Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib. Onlara mandatı xalqa görə daşıdıqlarını xatırladıb: “İndi hökumət efirə çıxmadan, məsələləri mediada fəal şəkildə izah etmədən, prosesi yalnız bir neçə ekspertin sərəncamına verərək, hətta alınan qərarların effektivliyini təmin edə bilməyəcək. Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək.
Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm.
Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında deyillərsə, niyə o mandatı daşıyırlar?!"

Şərhlər