Bu gün Bakı Ağır Cinayətlərə dair Məhkəmədə Pərviz Həşimlinin məhkəməsi keçirilib. Məhkəmə prosesi hazırlıq iclası xarakteri daşıyıb.

Təqsirləndirilən şəxs - Pərviz Həşimli məhkəmə prosesinin başlanğıcında Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqiəlik sükutla yad edilməsini təklif edib. Ancaq hakim bu təklifin reallaşdırılmasının uyğun olmadığını bildirib.

Bundan sonra Pərviz Həşimli ona vəkili ilə görüşməyə imkan verilmədiyini hakimin diqqətinə çatdırıb. Hakim isə bildirib ki, bundan sonra bu problem həll ediləcək.

Musavat.com-un məhkəmə prosesini müşahidə edən əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesi təxirə salınıb. Buna səbəb şahid Təvəkkül Qurbanovun vəkilinin məhkəmə prosesinə qatılmaması olub.

Hakimin ona bu barədə verdiyi sual nəticəsində məlum olub ki, şahid T.Qurbanovun vəkili yoxdur. Şahid T.Qurbanov bildirib ki, maddi imkanı olmadığı üçün özünə vəkil tuta bilməyib.

Hakim bunun qarşılığında şahid T.Qurbanova dövlət tərəfindən vəkilin təyin edilməli olduğunu vurğulayib.

Məhkəmə prosesi mart ayının 4-də, saat 14:00-da davam etdiriləcək.

Musavat.com

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

P. Həşimli deyib ki, məhkəmə prosesində iştirak və onunla istintaq təcridxanasında görüşmək üçün vəkillərinə icazə verilməyib. Hakim Novruz Kərimov Pərviz Həşimlinin vəkili Elçin Sadıqovun məhkəməyə order təqdim etdiyini, lakin bugünkü prosesdə iştirak etmədiyini, digər vəkili Bəhruz Bayramovun isə prosesə qatıldığını deyib.

Vəkil Bəhruz Bayramov məhkəmə tərəfindən Pərviz Həşimli ilə görüşə icazə verilmədiyini, cinayət işi ilə tanış olmaq imkanı əldə edə bilmədikləri üçün müdafiə hüququnu qura bilmədiklərini açıqlayıb.

Prosesdə məlum olub ki, Təvəkkül Qurbanovun da vəkili yoxdur. O, maddi imkanı olmadığı üçün özünə vəkil tuta bilmədiyini deyib.

Məhkəmə T. Qurbanovun vəkil məsələsinin həll edilməsi, P. Həşimlinin vəkillərinə cinayət işi materialları ilə tanış olmalarına şərait yaradılması üçün prosesin təxirə salınması barədə qərar qəbul edib.

Proses martın 4-də davam etdiriləcək.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.