Xəbər verdiyimiz kimi Ədalət Partiyasının sədri İlyas İsmayılov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məktub göndərərək bundan əvvəl ona ünvanladığı iki müraciətinə qanunamüvafiq olaraq cavab verməsini xahiş edib. İcra başçısının isə partiya sədrinə cavabı gecikməyib. E.Vəliyev mətbuata verdiyi açıqlamasında vətəndaşların bütün müraciətlərinə vaxtında cavab verildiyini və üstəlik İ.İsmayılovun prezident seçkiləri dönəmində Gəncədə seçiciləri ilə görüş keçirdiyini bildirib. Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə mətbuata verdiyi açıqlamasında icra başçısının dediklərinin həqiqət olmadığını söyləyib:
- Biz ötən il Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2 dəfə məktub göndərmişik. Bunlardan biri Gəncə şəhərində yaşayan üzv və tərəfdarlarımızla görüş, digəri isə “Sərbəst Toplaşmaq Azadlığı” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Demokratiya” “Qarabağ”, “Ədalət” şüarları altında min nəfərin iştirak edəcəyi mitinq keçirməklə bağlı olmuşdu. İcra başçısı Elmar Vəliyevin dediklərinin əksinə olaraq, qeyd edilən müraciətlərimizin heç birinə bu günədək cavab verilməyib. Baxmayaraq ki, biz dəfələrlə İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsi ilə əlaqə saxlayaraq qanunların tələbini onun diqqətinə çatdırmışıq, lakin buna məhəl qoyan olmayıb. Bu isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında və “Sərbəst toplaşmaq azadlığı” haqqında Azərbaycan Respublikasının Qanununlarının 10-cu maddəsi ilə ziddiyyət təşkil edir.
Ədalət Partiyasının sədri Elmar Vəliyevin diqqətinə məhz bu qanunların tələblərini kobud şəkildə pozduğunu çatdırıb. Üstəlik, İcra Başçısı Azərbaycan Respublikası Konstitusiyasının tələblərini də qulaqardına vurub. Konstitusiyamızın 49-cu maddəsində bildirilir ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Ədalət Partiyasının sədrinin Gəncə şəhərində görüş keçirdiyi haqqında İcra Başçısının söylədiklərinə gəldikdə isə deməliyəm ki, 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürən İlyas İsmayılov Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Gəncədə seçiciləri ilə görüş keçirib. Tədbirin keçirilməsi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki dairəsinin sədrinə müvafiq bildiriş verilib. Bu tədbirin keçirilməsi ilə bağlı Elmar Vəliyevin heç bir rolu olmayıb, çünki qanuna görə icra hakimiyyəti orqanları namizədlərin seçki kampaniyasına qarışmamalıdırlar. Çox təəssüf ki, Elmar Vəliyev Azərbaycanın ikinci böyük şəhərinin İcra Başçısı olmasına baxmayaraq bunları qarışıq salıb. Açiq-aşkar iddia edir ki, seçkilərə müdaxilə edib.
“Onu da qeyd etmək istəyirəm ki, biz hər iki aksiyanı keçirməkdə qərarlıyıq və İcra Başçısının cavabını gözləyirik” deyən Mütəllim Rəhimli fikrini yekunlaşdırıb.

Şərhlər