“Neftin qiymətinin 15 dolları dövründə həyat necə olacaq?”

Rusiya neft ixracından gələn gəlirlərin azalmasına qarşı tədbir kimi, dövlət xərclərini 10% azaldacağını elan edib. İqtisadiyyat çətin günlərini yaşayır, yoxsulların sayı artır. Lalkin rusiyalılar təəccüb doğuracaq şəkildə soyuqqanlılıq nümayiş etdirirlər. (Der Spiegel-Almaniya)

Bu günlərdə Moskvanın iqtisadi elitası hər il keçirilən “Qaydar forumu”nda görüşürlər.İndiki konfrans “Rusiya və dünya: yeni vektor” adı altında keçirilir. Hələki Rusiya iqtisadiyyatı bir istiqamətdə - neft qiymətlərinin enişi nəticəsində yaranmış hadisələr burulğanında kəskin çöküşə tərəf gedir.

Moskvanın gündəlik qəzetləri çəkingənliklə neft qiymətinin çöküşünün Rusiya üçün hansı nəticələri verə biləcəyi barəsində soruşurlar. ”RBK daily” biznes qəzeti baş rubrikasında yazır: “Əgər sabah qiymət 20 dollar olarsa?”. Sonra qəzet bir qədər də irəli gedərək, əlavə edir: ”Neftin qiymətinin 15 dolları dövründə həyat necə olacaq?”

Neft bazarındakı təlatümlər Rusiya üçün böyük problemlər yaradır. Çünki dövlət gəlirlərinin böyük bir hissəsi neft və qaz ixracından əldə ediən pullar hesabına təmin olunur. Rusiya hakimiyyətinin büdcəni tam taraz vəziyyətdə saxlaması üçün bir barel neftin qiymətinin ən azı 105 dollar olması gərəkdir.

Hazırda bütün nazirliklər və banklar təcili sürətdə yeni böhran ssenariləri tərtib edirlər. Neft qiymətlərindəki vəziyyət 2016-cı ildə də Rusiya iqtisadiyyatının geriləməsinə səbəb olacaq. Mərkəzi bank neftin orta illik qiymətinin 35 dollar olması təqdirində, Ümumi Daxili Məhsulun 3% azalacağını proqnozlaşdırır. Büdcə kəsiri 5%-ə qədər arta bilər.

- Rusiyanın 400 milyard dollar həcmindəki valyuta ehtiyatı əriyir

“Qaydar forumu”nun işinə başladığı gün maliyyə naziri Anton Siluanov çıxış edərək xəbərdarlıq edib ki, büdcəni təcili sürətdə yeni reallığa adaptasiya etmək lazımdır. Nazir deyib: “Əgər biz bunu etməsək, onda vəziyyət 1998-1999-cu illərdəki kimi olacaq”.

Bu xəbərdarlıq hər bir rusiyalıya aydındır. Belə ki, 1998-ci ildə Rusiyada defolt baş vermişdi. Nəticədə rubl dəyərdən düşmüş, banklar çökmüş, milyonlarla rusiyalının əmanətləri batmış, inflyasiya isə 84%-ə qədər yüksəlmişdi. Öz gücünü bərpa etmək üçün ölkəyə illər lazım olmuşdu. Ancaq həmin illərdən fərqli olaraq, Rusiya dövlətinin borcu yoxdur. Rusiyanın valyuta ehtiyatının həcmi, hətta azalmasına baxmayaraq, hələki, 400 milyard dollar yaxın (368 milyard) təşkil edir.

Maliyyə nazirliyinin dramatik xəbərdarlığı çox güman ki, taktiki xarakter daşıyır. Ona görə ki, Siluanovu nazirlər kabinetində, öz həmkarları ilə birlikdə büdcənin 10% azaldılması barəsində sərt müzakirələr gözləyir.

Vladimir Putin üçün 2016-cı il, onun bütün prezidentlik müddətinin ən çətin ili ola bilər. O, dövlət gəlirlərinin azalmasına baxmayaraq, vergilərin artırılmayacağına söz verib. Əgər o, bunu edərsə, onda xalqın gələcək qisasının mənbəyi Kremlpərəst “Vahid Rusiya” partiyası olacaq. Sentyabr ayında Rusiyada yeni parlament seçkiləri keçiriləcək. Keçən ilin dekabr ayında uzaq magistrallı yük avtomobillərinin sürücüləri federal mağistral yollardan istifadənin qiymətinin qaldırılmasına qarşı etiraz edərək, magistral yolları bağlamışdılar.

Maraqlıdır ki, bütün böhran dövründə prezident reallığın inkar edilməsi səviyyəsinə qədər, daima nikbinlik nümayiş etdirib. 2014-cü ilin axırında - enerji bazarlarında yenicə başlamış çöküş zamanı, Putin əmin edirdi ki, uzunmüddətli perspektivdə neftin qiyməti 80 dolların altına düşə bilməz. “Onda dünya iqtsadiyyatı dağılar ki!”, deyə Putin bildirmişdi.

2015-ci ilin noyabrında Putin bəyan edirdi ki, iqtisadiyyatdakı dönüş nöqtəsi artıq geridə qalıb və bundan sonra “sabit böyümə tempi”nin nailiyyətlərindən söhbət gedə bilər.

- Rublun devalvasiyası inflyasiyanı qamçılayır

Rusiyadakı mövcud vəziyyət – enerji resurslarının ixracından asılılığın azalması üçün tədbirlər görülməməsinin qisasıdır. Maliyyə naziri Siluanov irəlidəki seçkilərə boylanaraq, dövlətin üzərinə götürdüyü sosial öhdəliklərin dəyişilmədən öz yerində qalacağını vəd verib. Burada 40 milyon rusiyalının gəlirlərindən, dövlət məmurlarının və bütün sosial xərclərdən söhbət gedir.

Rublun devalvasiyası inflyasiyanı qamçılayır. Rəsmi statistikaya görə, 2015-ci ildə inflyasiya 11% təşkil edib. Ərzaq məhsullarının qiyməti 20% bahalaşıb. Nəticədə isə daha çox insan yoxsulların cərgəsinə qoşulur. Keçən il yaşayış minimumunun altında qalan rusiyalıların sayı 22 milyon nəfər olub. Bu göstərici 2014-cü ildə 18,9 milyon nəfər təşkil etmişdi.

Ümumiyyətlə isə, bütün bu problemlər Putinin populyarlığını aşağı salmayıb. Aparılan rəy sorğuları rusiyalıların təəccüb doğuracaq dərəcədə soyuqqanlılığını nümayiş etdirir. Keçən ilə nisbətən 2016-cı ildə işlərin pis gedəcəyini bildirənlərin sayı cəmi 8%-dir. Həm də ki, hər iki nəfərdən biri vəziyyətin yaxşı olacağını düşünür.

Vaqif NƏSİBOV

AzPolitika.info