Azərbaycanda fəaliyyət göstərən “Çağ” Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin Fətullah Gülənə göndərdiyi iddia olunan məktubun foto sürəti yayılıb. AzPolitika.info-nun elektron poçtuna göndərilən məktub sensasiya xarakterlidir. 

“Prezident Administrasiyasındakı adamımız sayəsində Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə Nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə genişlənib”, deyə bildiriliən məktubda daha sonra bildirilir ki, MTN strukturlarına sızmaqda problemləri var.

“Bir müddət öncə Azərbaycan milli kəşfiyyatının akademiyasına qəbul olmuş tələbəmiz müəyyən edilərək buradan qovulmuşdu”.

Daha sonra isə türkiyəli iş adamı Azərbaycan kəşfiyyatının təriqətin ətrafında öz agentlərini yerləşdirdiklərini və daima müşayiət altında olduqlarını qeyd edib. Təhlükənin ən mühüm amili kimi isə o, son zamanlar təriqətə məxsus iş adamlarının izlənməsini, həmçinin parlamentdəki nümayəndələrinin ciddi vəziyyətlə qarşı-qarşıya qalmasını göstərib. Həmin adamın kim olmasına gəlincə isə məktub müəllifi bunu qeyd etməkdən imtina edib.

Müəllif həmçinin hazırda təriqətin Azərbaycandakı nümayəndələrinə şəxsən xəbərdarlıq etdiyini vurğulayıb.

Məktubda Ənvər Özərən Fətullah Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə keçməyi xahiş edib:

“Prezident Administrasiyasındakı dostumuzun dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik”.

Ənvər Özərən sonda Fətullah Gülənin Prezident Administrasiyasındakı adını çəkmədiyi şəxslə bağlı xüsusilə ehtiyatlı olmaq haqqında tövsiyyələrinin ona yetirildiyini bildirib.

Qeyd edək ki, son günlər ölkədə nurçuların dövlət qurumlarına öz adamlarını yerləşdirmələri haqqında informasiyalar mediada geniş yer alıb. Bəzi yüksək vəzifəli məmurlarla yanaşı, 24 millət vəkilinin də nurçulara xidmət etdiyi haqqında məlumatlar genişlənməkdədir.

Məktubun fotosürətini təqdim edirik: