Ukraynanın Krım Muxtar Respublikasındakı böhran dünya siyasətinin gündəliyində qalmaqdadır. Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığında bu məsələ müzakirə edilib.

Mənbə bildirib ki, Tükiyə hökumətinin başçısı Putinə deyib: «Ukraynadakı istiqrarsızlıq bütün bölgəyə təsir göstərib. Bu böhranı həll etmək Ukraynanın vəzifəsidir. Böhran beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır».

APA-ya bildirir ki, liderlərin telefon danışığı barədə Kremlin mətbuat xidməti də məlumat yayıb. Məlumatda telefon danışığının R.T.Ərdoğanın istəyi ilə gerçəkləşdiyi bildirilir. Söhbət zamanı Putinlə Ərdoğan Ukraynada baş verən böhran, xüsusilə də Krımda baş verən son hadisələrin inkişafını ətraflı müzakirə ediblər.

Hər iki tərəf “Maydan”ın radikal və ekstremist güclərinin aqressiv fəaliyyətinə baxmayaraq Krımda millətlərarası və konfessiyalararası sülhün və sabitliyin təmin olunacağına əminliyini bildirib.

Putin və Ərdoğan bu mövzuda müxtəlif səviyyələrdə əlaqələrin saxlanılması barədə razılığa gəliblər.