“Yalnız bu yolla ikili-üçlü qurumlara tabeçiliyə, bunun nəticəsi olaraq yaranan qarşılıqlı ittihamlara son qoyula bilər”
Azərbaycanda məktəbəqədər yaşda olan uşaqların təhsili ilə bağlı ayrıca qanun hazırlanır. Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında bildirilib. Yeni "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi komitənin 2016-cı ildə yaz sessiyası planına daxil edilib. Qanunda məktəbəqədər təhsil sahəsində bir sıra güzəştlər, yeniliklər və boşluqların doldurulması nəzərdə tutulub. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, yaxın vaxtlarda qanun layihəsinə baxılacaq, bunun üçün işçi qrupu formalaşdırılıb, dünyada mövcud olan təcrübə öyrənilir, mütəxəssislər iş aparır.
Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilov münasibət bildirib.
Ekspert xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 №-li Fərmanı ilə təsdiq olunmuş “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu” qəbul edildikdən sonra belə qərara alınmışdı ki, bu Qanun çərcivə qanunu olduğundan “Məktəbəqədər təhsil”, “Ümumi orta təhsil”, Texniki-peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Elm siyasəti haqqında” və s. konkret qanunlar qəbul ediləcək. “Bir müddət sonra “Təhsil krediti haqqında” qanunun qəbul ediləcəyi barədə fikirlər gündəmi zəbt etdi. Ayrı-ayrı vaxtlarda hansısa qanunun növbəti sessiyada müzakirəyə çıxarılacağı bildirildi. Məqamı çatanda isə iclasın gündəliyindən çıxarıldığı bəyan olundu. Belə bir “karusel əməliyyatı” hələ ki, başa çatmayıb.
Təkcə son bir ildə neçə belə bəyanət eşitmişik. Birini qoyub digərinə keçirik, ortalıqda isə, bir şey yoxdur. Digər bir məsələ. Adətən təhsilə dair əksər Qanun layihələrindən xəbərsiz olduğumuzdan nəzərdə tutulan məsələlərin məzmunu və mahiyyəti barədə konkret fikir söyləməkdə belə çətinlik çəkirik. Sanki, təhsillə bağlı qaldırılan məsələ hansısa bir dövlət sirridir. Başqa sözlə desək, ictimai müzakirələrdən çəkinmək ənənəsi hələ də davam etməkdədir. Halbuki, təhsil mütəxəssislərinin rəylərinin, digər əlaqədar səlahiyyətlilərin, ümumilikdə götürsək ictimai fikrin öyrənilməsi qəbul ediləcək qanunların daha təkmil və dayanaqlı olmasna kömək edər, bu qanunlarda tez-tez dəyişikliklər aparılmasının müəyyən qədər qarşısını alardı.
O ki qaldı qaldırılan məsələyə ilkin münasibətimə, hesab edirəm ki, məktəbəqədər hazırlığın zəruri hesab edilməsi baxımından belə bir qanununun qəbul olunmasına ehtiyac var. Bununla belə ilk növbədə təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyənləşdirilməsi vacib şərtlərdən biridir.
Təhsil sahəsindəki çoxillik pedaqoji və təhsilin idarəetmə orqanlarındakı təcrübəmə əsaslanaraq, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, yəni bütün sorumlar bilavasitə ona ünvanlanmalıdır.
Doğrudur, keçmiş rəhbərliyin fəaliyyətindəki yarıtmazlıqlar ucbatından bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib ki, bunun da nəzərəçarpacaq fəsadlarının bilavastə şahidiyik və əlavə şərhə ehtiyac belə duymuram.
Yəqin ki, bu məsələnin nizama salınması barədə düşünüləcək, əlaqədar Qanunun müzakirəsi zamanı bu məqamlar nəzərə alınacaq və müvafiq təkliflər veriləcək. Hesab edirəm ki, yalnız bu yolla ikili-üçlü qurumlara tabeçiliyə, bunun nəticəsi olaraq yaranan qarşılıqlı ittihamlara, digər qarşıdurmalara və savaşa son qoyula bilər.
Bir də ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoyulub, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması xüsusi vurğulanıb.
Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsinin şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil etməsi, son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlərin hələ də qalması, ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsinin olmaması qeyd olunub.
Məlum olduğu kimi məktəqədər təhsil müəssisələrinin hansı icraedici orqanın tərkibində qalması ölkə başçısının fərmanı və sərəncamı ilə müəyyən olunur . Hesab edirəm ki, bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək ücün ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir.
Yəqin ki, Qanun layihəsi hazırlanıb, tam olaraq başa çatdıqdan sonra nəisə bir konkret fikir söyləmək imkanımız olar. Hər halda, nəhayət korporativ maraqları bir kənara qoyub, ictimai maraqlardan çıxış edərək, təhsilimizin inkişafı naminə qanunların hazırlanması və qəbulunda şəffaflığı və operativliyi gözləmək barədə düşünməliyik”.

Şərhlər