Rusiya aviasiyasının köməyi ilə, Başar Əsədin ordusu müqavimət qüvvələrinin əsas dayaq nöqtəsi olan Hələb şəhərini mühasirəyə alır. Putinin təyyarələri müxalifətin əlindəki rayonlarda yerləşən xəstəxanalara raket zərbələri endirirlər. Bu hərəkətlər BMT tərəfindən qınanır.

Mötədil müxalifətin ortada qalmış qüvvələri, tədricən əzilirlər. Çox çətin vəziyyətə düşmüş Əsəd, yenidən öz despotizmini dirçəldir.

Rusiyanın hərəkətləri bütün Qərbdə həyəcan oyatmalıdır. Çünki baş verənlər NATO–nun müttəfiqi olan Türkiyə ilə Rusiya arasında böyük miqyaslı müharibəyə yol aça bilər. Bütün bunlar minlərlə qaçqını yenidən Avropaya köç etməyə məcbur edərək, Avropa Birliyinin şimalı ilə çənubunu, şərqi ilə qərbini parçalaya bilər. Və nəhayət, bir çoxları haqlı olaraq, Krımın ilhaqından sonra nəyə görə Putinin cəzalandırılmadan hərəkət etməsinə icazə verildiyini soruşur.

Hazırda Rusiya prezidenti Suriyada fəaliyyətdə olan başlıca fiqurdur, çünki prezident Barak Obama Suriyadakı vətəndaş müharibəsi məsələsində hərəkətə keçmək barəsində qərar verə bilmədi. O, rejimə qarşı müharibə aparan və cihadçıların yeganə alternativi olan mötədil güclərə dəstək verməklə kifayətləndi.

B.Obama 2013-cü ildə Dəməşqə raket zərbələri vurulmasından imtina edərək, kimyəvi silahların qadağası barədə Amerikanın müəyyənləşdirdiyi “qırmızı xətt”in Əsəd tərfindən keçilməsinə imkan verdi.

Qərbin fəaliyyətsizliyi, təkcə əldən buraxılmış imkanlardan ibarət deyil. Bu, daha dərin çatları əks etdirir. Putinin məqsədi aydındır. Əsədi dəstəkləmək və Rusiyanın Yaxın Şərqdəki təsir imkanlarını təsdiq etmək. Rusiyanın rəqibləri bölünüb. ABŞ, əsas etibarı ilə İŞİD-ə, türklər isə kürdlərə qalib gəlmək istəyirlər. Səudiyyə Ərəbistanının başlıca məqsədi isə İranı oyundankənar vəziyyətə salmaqdır.

Vətəndaş müharibəsinin kritik zamanlarında “Finacial Times”, ABŞ başda olmaqla, Bəşər Əsədin nəzarət altına alınması əməliyyatının həyata keçirilməsinə çağırış edirdi. İndi bu variant artıq keçərli deyil. Çünki belə vəziyyət ABŞ və Rusiya arasında təhlükəli qarşıdurmaya gətirər. Bunun üçün hərbi gücdən istifadə edilməli və hətta quru qoşunları işə salınmalıdır. Prezident Obama buna qarşı çıxmaqla, Suriya münaqişəsinə təsir imkanlarını itirib. Ona görə də, ABŞ və onun müttəfiqləri diqqətlərini əldə edilməsi mümkün ola biləcək məsələlərə yönəltməlidirlər.

İlkin olaraq, Rusiya və Türkiyə arasındakı münaqişənin müharibəyə dönüşmə riski aradan qaldırılmalıdır. Suriyanın şimalında ruslar tərəfindən törədilən xaosdan istifadə edən kürd yaraqlılarının Türkiyə tərəfindən atəşə tutulması da qığılcım yarada bilər. ABŞ, Türkiyə və kürdləri təmkinli olmağa inandırmalıdır. Əlbəttə, özünün 5-ci bəndinə uyğun olaraq, NATO-nun Türkiyəni müdafiə etməsi məsələsini şübhə altına almaq olmaz. Amma Ankara kürd məsələsində məsuliyyətlilik nümayiş etdirməlidir.

İkincisi, Avropa Birliyi ölkələri miqrant böhranı şəraitində yekdillik göstərməlidir. Əksəriyyət belə hesab edir ki, Rusiya qəsdən Suriya əhalisinə hücum edir ki, qaçqınların axını AB üzvlərini parçalasın. Avropa liderləri qaçqınların qeydə alınması və onların yerləşdirilməsi məsələsində kollektiv şəkildə hərəkət etməlidirlər.

Ən əvvəl ABŞ və Avropa Birliyi aydın şəkildə Rusiyaya göstərməlidir ki, onun hərəkətləri xeyli məsrəf tələb edir və bunun hesabı ödənilməlidir.

İndi Putin Suriyada üstünlük qazanaraq, elə düşünə bilər ki, mövqeyini gücləndirib və beləliklə, Avropa liderləri ilə sanksiyalar məsələsində bazarlıq apara bilər. Bu yalnış düşüncələri onun başından çıxarmaq lazımdır. Hal-hazırda həmin sanksiyaların zəiflədilməsi yox, onların gücləndirilməsi məsələsi daha aktualdır.

Suriya, Qərbi hədsiz çətin seçim qarşısında qoyub. Hərbi müdaxiləyə razı olmasalar da, amma hər halda ABŞ və müttəfiqləri Putini durdurmaq üçün, onu düşünməyə məcbur etməlidirlər.

(Financial Times)