“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Departamentinin vaqon bələdçiləri işdən çıxarılmalarına etiraz olaraq, martın 6-da RATİ-də mətbuat konfransı keçiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Bələdçilərin etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, onların yerlərinə beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azalmasıdır. Etirazların nəticəsi isə hələ də yoxdur.

Şikayətçi bələdçilər RATİ-nin akt zalında toplaşaraq, mətbuat konfransı keçiriblər. Onlar ümumi açıqlama yayaraq, bildiriblər ki, artıq şikayət etməkdən beziblər. Heç kəs yardım etmir.

Bələdçilər deyirlər ki, dövlər qurumlarına şikayətlər fayda vermir: “Bundan əvvəlki çıxışlarımızda həm mətbuata, həm də dövlət qurumlarına müraciət etmişik, problemlərimizi dilə gətirmişik. Məqsədimiz tapdanmış hüquqlarımızın bərpa edilməsi və mənimsənilmiş pullarımızın geri qaytarılmasıdır. Dövlətin ən ali instansiyalarına müraciətlər etmişik. Törədilən korrupsiya və özbaşınalıqları göstərmişik. Amma bunların heç biri fayda verməyib. Ölkə başcısı İlham Əliyev öz çıxışlarında korrupsiya, məmur özbaşınalığına qarşı sərəncamlar verir, çıxışlar edir və tapşırıqlar verir. Amma buna baxmayaraq, bəzi məmurlar saymazcasına öz pis əməllərinə davam edirlər. Bizim tələb və şikayətlərimiz faktlara söykənir. Bu cinayətlər törədilib və törədilməkdə davam edir. Bunlar illərboyu bizim haqlarımızı tapdalayıb və pullarımızı mənimsəyiblər. Heç kəsdən çəkinmədən öz işlərinə davam edirlər”.

Köhnə bələdçiləri yavaş-yavaş işdən uzaqlaşdırırlar: “Burada gördüyünüz bələdçilərin əksəriyyəti 1985-1990-cı illərin işçiləridir. Hamısı peşəkar bələdçilərdir. Öz işlərini yaxşı bilən, bərkə-boşa düşüb-çıxan insanlardır. Biz hamımız bu idarə üçün can qoymuşuq. Bizi səbəbsiz, haqsız, günahsız yerə işdən çıxarmaq olmaz. Bundan sonra biz başqa yerdə işləyə bilmərik. Biz başqa bir peşənin sahibi deyilik, öyrənəcək yaşda da deyilik. Nə edək, ac qalaq?”

İş yerlərimizi itirməmək üçün məcbur olub rüşvət vermişik: “2010-cu ildən etibarən şimal istiqamətində işləyən qatarlar biri-birinin ardınca ya tam şəkildə bağlandı, ya da başqa bir dövlətin dəmiryollarına verilməyə başladı. Bundan sonra kütləvi şəkildə işdən çıxarmalar, ixtisarlar başlandı. Məhz bu onlar üçün rüşvət almağa şərait yaratdı. İş yerimizi itirməmək, səfərlərimizin kəsilməməsi, vaqonların əlimizdən alınmaması üçün rüşvət verməyə başladıq. Başqa çarəmiz yox idi”.

Heç kəs cinayətkar, oğru doğulmayıb, bunlar bizi bu işlərə vadar edib: “Bu həmin Elyar Muradov, Rəhman Əbişov Sovetlər Birliyi vaxtlarından bu günə qədər vaqon ölüxanasından yüzlərlə köhnə vaqonları müxtəlif qiymətlərlə biz bələdçilərə sataraq öz vəsaitimiz hesabına təmir etdirib, hələ bu azmış kimi həmin təmirlərin xərclərini idarənin hesablarına yazıblar. Bu yolla milyonlarla pulu mənimsəyiblər. İndi bunlar bizi oğru, narkoman, cinayətkar adlandırırlar. Heç kəs cinayətkar, oğru doğulmayıb, bunlar bizi bu işlərə vadar ediblər. Bir şərik kimi hamısı öz haqlarını alıblar. İnsan hər zaman qorxduğundan uzaqlaşar, onlar da həqiqətdən və həqiqəti dilə gətirənlərdən, yəni bizlərdən qorxurlar. Məhz buna görə də min cür bəhanələrlə bizi iş yerlərimizdən uzaqlaşdırırlar”.(musavat.com)