MSK İTV-dəki qalmaqalı müzakirə edəcək
Bu gün Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 19-da İctimai televiziyada baş verən olayla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Sentyabrın 19-da İctimai Televiziyada debatlar zamanı Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cəmil Həsənliyə qarşı adi insani etikadan və qanundan kənar davranışlara yol verilmişdir. Hörmətli Cəmil Həsənli bu hücumların cavabını təmkinlə, ləyaqətlə və sərrast vermişdir. Tamamilə haqlı olaraq bu hücumların arxsında İlham Əliyevin durduğunu bəyan etmişdir.
Milli Şura Cəmil Həsənliyə qarşı bu hərəkətləri pisləyir və bunların aradan qaldırılması üçün qəti addımlar atılmasını tələb edir. Milli Şura Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevi öz tərəfdarlarını və vəkil etdiyi şəxsləri prezident seçkiləri kampaniyasını gözdən salan belə çirkin davranışlardan çəkindirməyə çağırır.
Milli Şura İctimai Televiziya rəhbərliyinə seçki debatlarına qanunsuz müdaxilələrin Seçki Məcəlləsinə zidd olduğunu xatırladır və üzərinə düşən vəzifələri tərəfsiz və düzgün yerinə yetirməyə səsləyir. İctimai Televiziyanın rəhbərliyi başqa namizədlərin qanunsuz hərəkətləri və müdaxiləsi nəticəsində Cəmil Həsənli üçün ayrılmış vaxtın itkisini bərpa etmək vəzifəsi daşıyır.
Milli Şura Mərkəzi Seçki Komissiyasından Cəmil Həsənliyə qarşı baş vermiş qanun pozuntularını qısa zamanda araşdırmağı, onun pozulmuş haqqlarını bərpa etməyi, bu hadisəni törədənlər barədə ölçü götürməsini tələb edir.
Milli Şura xatırladır ki, Mərkəzi Seçki Komissiyası üzvləri seçkilərin ədalətli və qanun əsasında keçirilməsinə, bütün namizədlərə bərabər imkanlar yaradılmasına və hüquqlarının təmin olunmasına məsuliyyət daşıyırlar."
Qeyd edək ki, sentyabrın 20-də “Media forum” saytına açıqlama verən Mərkəzi Seçki Komissiyasının sözçüsü Azər Sarıyev deyib ki, İctimai Televiziyadakı debat zamanı yaranmış qalmaqal müzakirə olunacaq.
“Media forum” saytı bildirir ki, Seçki Məcəlləsi seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməsini yasaqlayır. Qanunun 88-ci maddəsinə görə, namizədlərin çıxışlarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Namizəd bu tələbləri pozduqda müvafiq seçki komissiyası hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər.
Vaqif
AzPolitika.info


Şərhlər