Menu

Azərbaycanlı istifadəçilərin videolarını YouTube-dən sildirən şəxs kimdir? 

27.02.2016, 15:57
Azərbaycanlı istifadəçilərin videolarını YouTube-dən sildirən şəxs kimdir? 

Son günlər YouTube video portalında ATV və "Lider" telekanallarının adından kütləvi şikayətlər nəticəsində xeyli youtube kanalları bağlanılıb.

Həmin kanallar arasında məşhur bloqlar da olub. Kanalı bağlanan istifadəçilərin çoxu incəsənət tələbələridir. Onların bütün arxivi ATV-nin bir videosuna görə silinib. Hər şeyin səbəbi telekanal adından bütün videoların şikayət edilməsidir.

Musavat.com-un özəl olaraq əldə etdiyi məlumata görə, bu işi görən Çingiz adlı şəxsdir. O, telekanallarla anlaşaraq, onların adından videoları sildirir. Məqsədi isə o videoları özünün yükləməsi və pul qazanmasıdır.

Əslində, hər bir telekanalın müəlliflik hüquqları var və bunu qoruması normal bir haldır. Lakin bu şəxs elə videoları sildirir ki, o videoların müəlliflik hüquqları çalışdığı TV-lərə aid deyil.

Məsələ bununla da bitmir. Çingiz adlı şəxs, telekanalın öz işçilərinin də yüklədiyi videoları sildirib. Hansı ki, bu videolar verilişlərin anonsları olub. Bir sözlə, bu şəxsin məqsədi telekanalların hüququnu qorumaq deyil, oradan qazanacağı bir neçə min dollardır.

Bir neçə gün əvvəl 20-yə yaxın şəxs, ATV-nin önünə toplaşaraq, şikayətlərin geri çəkilməsini tələb ediblər. 5 il əvvəl "Onun yarısı" verilişinin videolarını youtube hesabına yükləyən Şəlalə adlı xanımın da bütün videoları silinib. Hansı ki, o veriliş artıq yayımlanmır və yeni videolar olmayacaq.

Bağlanan hesab sahiblərinin arasında məşhur insanlar da var. Bəzi müğənnilər telekanallarda qonaq olduqları verilişlərdən mahnı oxuduqları hissələri paylaşıblar. Bu videoları da məlum şəxs sildirib. Onlardan sadəcə, Alim Qasımova məxsus hesaba etdiyi şikayəti geri çəkib və onlardan üzr istəyib.

Silinən hesablar arasında "Qafqazinfo" saytının da hesabı var. Onların da hesabı sadəcə, bir videoya görə qapadılıb.

Bu məsələ ilə bağlı "AzPolitika"ya müraciət edən şikayətçi yazır: "Çingiz Şirinov adli şəxs ATV, LiDER və XƏZƏR televiziyalarının rəsmisəhifələrini açıb YouTube video portalında. Ancaq bu şəxs, həmin kanalların adından istifadə edərək, indiyədək bu TV-lərdən YouTube video portalına yüklənən bütün videoları şikayət etməyə başlayıb. YouTube-də belə bir qayda var ki, rəsmi kanal açılandan sonra videoları bağlatdıra bilər. Ancaq səhifə açılandan sonra yüklənənləri, əvvəlkiləri yox. YouTube video portalında belə bir qayda var ki, 3 şikayətdən sonra kanal bloka düşür. Gərək şikayətçilər şikayətlərini geri götürsün ki, kanal açılsın. Azərbaycanın ən böyük YouTube kanalları istifadəçiləri var ki, tv-lərin 3-4 videosuna görə, bağlanıb. Bu kanallarda illərdir Azərbaycan musiqiləri təbliğ olunur. Öz rəsmi kanalını aç, biz hamımız bunu alqışlayırıq. Ancaq xəbərdarlıq etmədən minlərlə videonu şikayət etmək böyük problemlərə gətirib çıxarıb. Bunları sizə 8-9 YouTube kanalının istifadəçiləri adından yazıram.

Çingiz adlı şəxsin məqsədi başqadır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol