Vergilər Nazirliyində kadr dəyişikliyi olub. Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov nazirin müşaviri təyin edilib. Mahir Rəfiyev isə Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi təyin edilib.
Fazil Məmmədov bir neçə gün əvvəl də Bakı şəhər Vergilər Departamentinin rəisi başqa vəzifəyə keçirmişdi. Ümumiyyətlə, son günlər Vergilər Nazirliyində rəhbər vəzifə tutan şəxslərlə bağlı yerdəyişmələr edilir.
"Azadlıq.info"ya daxil olan məlumata görə, vergilər naziri Fazil Məmmədovun idarə rəislərinin yerini dəyişməsinin ciddi səbəbləri var. “Avropa oyunları ilə bağlı Vergilər Nazirliyinin üzərinə ağır yük qoyulmuşdu. Nazirlik həm büdcə öhdəliyini yerinə yetirməli, həm də oyunlara dəstək verməli idi. Bu da ona gətirib çıxardı ki, vergi ödəyicilərinin əhəmiyyətli hissəsindən 2016-cı ilin də ”vergi borcu” alınıb. 2016-cı ilin dövlət büdcəsinə 2 milyard əlavə olunması ilə yenə də əsas güc Vergilər Nazirliyinin üzərinə düşüb. Nazirlik isə bu öhdəliyi yerinə yetirmək imkanında deyil. Təsadüfi deyil ki, Fazil Məmmədov ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurmuşdu.
Lakin nazir fərqindədir ki, hər nə olursa olsun öhdəlik yerinə yetirilməlidir. Əks təqdirdə o postu ilə vidalaşmalı olacaq. Ona görə də kadr dəyişiklikləri etməklə, daha doğrusu kadrların yerini dəyişməklə 2015-ci ildə 2016-cı il üçün alınan “vergi borclarını” silmək istəyir. Yəni, yeni rəis ödəniş edən ticarət obyektinə “pulu mənə verməmisən” deyib 2016-cı ilin hesabını tələb edəcək”, – deyə hökumətə yaxın mənbə bildirib.
Qeyd edək ki, Vergilər Nazirliyində baş verən kadr dəyişiklikləri islahat kimi təqdim edilir. “Qafqazinfo”ya Vergilər Nazirliyinin Analitik – informasiya şöbəsindən daxil olan açıqlamada bildirilib ki, vergi sistemi ölkədə baş verən iqtisadi proseslərin əsas iştirakçılarından biridir və yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə nazirlikdə vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb: “Komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılması zəruri olan islahatlar həyata keçirilir. Bu islahatlarla bağlı Nazirlik həm strukturunu, həm də menecmentini təkmilləşdirir, mövcud kadr potensialının daha səmərəli şəkildə istifadə etməyə çalışır. Bu məqsədlə kreativ düşüncəli, yüksək hazırlıqlı gənc kadrların müxtəlif rəhbər vəzifələrə irəli çəkilməsi ilə yanaşı, təcrübəli kadrların iş yerləri rotasiya qaydasında dəyişdirilir ki, bu da əsaslı islahatlar zamanı təbii bir prosesdir”.
Lakin maraqlıdır eyni kadrların yerini dəyişmək nə vaxtdan islahat olub? Digər bir tərəfdən bu dəyişikliklərin yeni kadrların irəli çəkilməsi ilə bağlamaq da doğru deyil. Hər halda dəyişikliklər zamanı hansısa yeni kadrın vəzifəyə təyinatına dair nümunə yoxdur. Bu isə dəyişikliklərin sadəcə Fazil Məmmədovun yeni "yığım siyasəti" olduğunu düşünməyə əsas verir.
Vaqif
AzPolitika.info


Şərhlər