“Mən 7 il yatacam. Bəlkə 2-3 il də siz “hədiyyə” edəcəksiniz. Məni 2-3 dəqiqə dinləməyə səbriniz çatmır?"

Bu gün İsmayıllı işi ilə bağlı davam edən məhkəmə prosesində T.Yaqublu son sözünü söyləyib. T.Yaqublu son sözə Səadət Cahangirin “Azadlıq” şeirindən bir misra ilə başlayıb.

T.Yaqublu şərəf və ləyaqətdən bəhs edərkən, hakim yenidən onun sözünü kəsib, qəzəbli şəkildə “Şərəf, ləyaqət söhbəti eləmə, işin mahiyyətindən danış” - deyib.

Əsas mübahisə T.Yaqublu özünün müharibə illərində cəbhə bölgəsində göstərdiyi şücaətdən danışarkən baş verib. Belə ki, hakim onun sözünü kəsərək, israrla Tofiq Yaqubludan “işin mahiyyətindən danışmağı” tələb edib. Onun vəkili Nemət Kərimli hakimə etiraz edərək, təqsirləndirilən şəxsin öz şəxsiyyətini xarakterizə etmək kimi bir hüququnun olduğunu bildirib.

T.Yaqublu həmçinin hakimə etiraz edərək “Digər məhbus Anar öz şəxsiyyətindən danışanda, idmançı olduğunu deyib, prezidentlə görüşündən bəhs edəndə heç onun sözünü kəsmirdiniz” deyib.

İlqar Məmmədov prokurorun və hakimin davranışlarından əsəbiləşdi və üzünü onlara tutaraq xəbərdarlıq edib: “Siz hamınız cəzalandırılacaqsınız. Siz hamınız 10-15 il yatacaqsınız. Fuad Musayev, şəxsən sən 15 il yatacaqsan".

F.Musayev isə cavabında qanunda 15 illik cəzanın olmadığını bildirib.

Hakim növbəti dəfə T.Yaqublunun sözünü kəsərkən, o, üzünü hakimə tutaraq deyib: “Mən 7 il yatacam. Bəlkə 2-3 il də siz “hədiyyə” edəcəksiniz. Məni 2-3 dəqiqə dinləməyə səbriniz çatmır? Sizə bir sual verim. Siz - hakim və prokuror - nə vaxtsa, bu hakimiyyətin qəzəbinə tuş gəlsəniz, özünüzü müdafiə edə biləcəyinizə inanırsınızmı?”

Hakim yenə də T.Yaqublunun sözünü kəsib.

Tofiq Yaqublunun çıxışından sonra məhkəmə prosesi sona çatıb. Hakim məhkəmə heyətinin müşavirə otağına getdiyini bildirib./müsavat.com/

-------

Martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə müttəhimlərin yekun çıxışları davam edib. REAL hərəkatının lideri İlqar Məmmədov deyib ki, sovet imperiyasının süqutundan sonra həmin məkanda bir neçə xanlıq yaradılıb, bunlardan biri də Azərbaycandır və burada insan hüquqları pozulur. İlqar Məmmədov əlavə edib ki, onu seçkilərdə iştirakına imkan verməmək üçün həbs ediblər.

Müttəhim Rəşid Məmmədov bildirib ki, 2013-cü il yanvarın 23-də hadisə yerində yox, çayxanada olub. Ceyhun Abbasov özünü günahkar saymadığını deyib və məhkəmədən xahiş edib ki, onun ailə vəziyyəti nəzərə alınsın.

Elşən İsmayıllı bildirib ki, 2013-cü il yanvarın 24-də iğtişaşlar zamanı İsmayıllıda olmayıb.

Səxavət Səmədov etiraf edib ki, yanan “Çıraq” otelindən mebelləri qorumaq üçün çıxarıb və növbəti gün geri qaytarıb. O, məhkəmədən xahiş edib ki, səhhəti və ikinci qrup əlil olan anasının onun himayəsində olması nəzərə alınsın.

Vasif İbrahimov deyib ki, müsahibə verərək məmur övladlarının əhalini bu dərəcəyə çatdırdığını bildirdiyinə və işlətdiyi kommersiya obyektindən polisə haqq vermədiyinə görə həbs olunub.

Xəyal Şirinov məhkəmədən xahiş edib ki, ailəsinin vəziyyəti, azyaşlı uşağının əməliyyat olunmasının vacibliyi nəzərə alınsın.

“Turan”