Son illərdə təhsillə bağlı gündəmi bəzən süni, bəzən sistemsiz və xaotik, bəzən də məqsədli şəkildə dəyişən tələbə qəbulunun zəif göstəriciləri və bunun bir çox hallarda diletant şərhidir. Bəzən bu statistika rəqəmlə işləyə bilməyən və daha çox ajiotaj, ucuz reytinq axtarışında olan media mənsublarının təqdimatında olur. Onların da bir çoxu nəyin necə baş verdiyini bilmədən, tələm-tələsik manşet başlıqlar düzəldir, şok xəbər effekti yaradırlar.
Bu yaxınlarda Türkiyənin məşhur media quruluşu olan “Hüriyyət” qəzetinin nüfuzlu yazarı İsmet Berkanın “Egitimdə dibə vurduq, oradan çıkamıyoruz” başlıqlı yazısını oxudum. Və Azərbaycanın təhsil göstəricilərini qardaş ölkə, Türkiyənin təhsil göstəriciləri ilə müqayisə etdim, türklər demiş "moralim" xeyli yüksəldi.
İsmət bəy yazısında Türkiyədə tələbə qəbulu zamanı nəticələrin necə acınacaqlı olduğunu qeyd edir. Dogrudur, bu imtahanın ölkəmizdə keçirilən ali məktəbə qəbul imtahanı ilə həm oxşar, həm də fərqli tərəfləri var. Oxşar tərəfləri ondadır ki, Türkiyədə də test üsulu ilə ildə bir dəfə müxtəlif fənlərdən (Riyaziyyat, fizika, kimya, biologiya, türk dili və digər humanitar fənlərdən) imtahan keçirilir. Yüksək nəticə toplayanlar arzu etdikləri ali məktəbə daxil ola bilirlər. Fərqli tərəfi isə odur ki, Türkiyədə bu imtahan iki pilləli olur: YGS (Yükseköğretime Geçiş Sınavı) və LYS (Lisans Yerleştirme Sınavı). Ölkəmizdə isə sadəcə bir pilləli imtahan keçirilir. İki pilləli imtahan dedikdə, hər kəsə aydın olur ki, ilkin mərhələ sonrakından daha asan olur. Bu yazıda həmin imtahanı ölkəmizdə ali məktəbə qəbul imtahanı ilə müqayisə etmək istərdim.
YGS(Yükseköğretime Geçiş Sınavı) imtahanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanını müqayisə etdikdə görürük ki, Türkiyədə 2016-cı ildə YGS imtahanında iştirak edənlərin riyaziyyat fənnindən toplam 40 sualdan orta hesabla 8 suala (20%) düzgün cavab vermişdir. Azərbaycanda isə 2015-ci ildə keçirilən qəbul imtahanında riyaziyyatdan verilən doğru cavabların faizi (ixtisas qruplarına görə) 27-36% arasında dəyişir. Digər dəqiq fənlərdə də Azərbaycanda ali məktəbə qəbul imtahanının ötən ilki nəticələri YGS-dən daha yaxşıdır. YGS-də dəqiq elmlərdə məzunlar cəmi 12% suala doğru cavab verdikləri halda, ölkəmizdə abituriyentlər qəbul imtahanında bu fənlərdən (fizika, kimya, biologiya) 29-40% suala doğru cavab vermişlər. Bu isə dəfələrlə daha yaxşı göstərici deməkdir.
Eyni müqayisəni türk dili fənni üzrə də apara bilərik. Belə ki, türk dilindən abituriyentlər 40 sualdan 19-na (48%) doğru cavab vermişdir, Azərbaycanda isə ötən ilin imtahanında ana dilindən bu göstərici bir qədər aşağı (43%) olmuşdur (rus bölməsi nəzərə alınmamaqla). Digər fənlərdə isə Azərbaycan abituriyentlərinin nəticələri kəskin fərqlənir. Humanitar fənlərdə uyğun olaraq YGS-də 27%, TQDK qəbul imtahanında isə yenə qruplara və fənlərə görə (tarix, Azərbaycan tarixi və coğrafiya) 31-37% intervalında dəyişən nəticələrlə qarşılaşırıq. TQDK-nın qəbul imtahanındakı bütün bu nəticələr təkcə Azərbaycan bölməsi üçün hesablanmışdır, rus bölməsi nəzərə alınarsa, bütün bu nəticələr bir qədər də yaxşılaşır.
Qeyd olunan göstəricilərin müqayisəsinə aşağıdakı cədvəldə baxmaq olar.
| Riyaziyyat | Digər dəqiq fənlər | Ana dili | Digər humanitar fənlər | |
| YGS-də doğru cavabların faizi | 20% | 12% | 48% | 27% |
| TQDK-da doğru cavabların faizi | 27%-36% | 29%-40% | 43% | 31%-37% |
YGS-nin ilkin mərhələ kimi abituriyentin təməl biliklərini ölçdüyünü, bizdə isə ali məktəbə qəbul imtahanının yekun imtahan olduğunu nəzərə alsaq, ölkəmizdə abituriyentlərin Türkiyə abituriyentlərindən yumşaq desək, daha yaxşı nəticə göstərdiyini aydın şəkildə görə bilərik.
Sonda bu statistikanı tutuşduraraq demək istərdim ki, hörmətli dostlar tələbə qəbulunun nəticələrinin acınacaqlı durumu haqqında mənfi rəy yaratmaq bizcə doğru deyil. Berkan bəy demiş, biz təhsildə dibə vurmuruq, yavaş-yavaş üzə çıxırıq. Təhsilmizdə keyfiyyət göstəricilərinin artması bizim qələbəmiz üçün də münbit zəmin yardır. Ona görə də yuxarıda qeyd olunan rəqəmlərlə apardığımız müqayisələr bizim təhsilimizin keyfiyyət göstəricilərinin nikbin notunu görməyə imkan verir.
İ. İsmayılbəyli
AzPolitika.info


Şərhlər