Azərbaycan və Ermənistan arasındakı münaqişənın yenidən şiddətlənməsi nəticəsində döyüşlərdə ən azı 60 nəfər həlak olub. Baş verənlər iki dövlət arasında 1994-cü ildəki atəşkəs razılaşmasından sonra ən amansız döyüşlərdir. İki gündür ki, gərginlik azalıb, lakin tamamilə aydındır ki, azərbaycanlılar və ermənilər arasında silahlı münaqişənin artıq “donu açılıb”.
Belə görünür ki, Obama administrasiyası hesab edir ki, Azərbaycan-Ermənistan münaqişəsi vakkumun içərisində mövcuddur və regiondakı gərginliklə Putin Rusiyasının oynadığı destruktiv rol arasında heç bir bağlantı yoxdur.
Artıq Vaşinqton, münaqişənin sülh yolu ilə yoluna qoyulacağı missiyasını öz üzərinə götürən Moskvanın problemin həlli yox, məhz problemin tərkib hissəsi olduğunu görməlidir. Bu gün münaqişənin gərginləşməsi səbəbsiz deyil: Qafqazdakı vəziyyət getdikcə daha çox qeyri-sabit olmağa başlayır.
1990-cı ilin əvvəlindən Ermənistan-Azərbaycan münaqişəsi regional siyasi fikir ayrılıqlarının mərkəzində dayanıb. Moskva Ermənistanı müdafiə edib və nəticədə həll olunmamış bu münaqişədə Ermənistan Moskvanın etibarlı müttəfiqi kimi qalıb. Bu isə Azərbaycanın təklənməsinə gətirib çıxarıb. Belə olan halda, cavab tədbiri kimi Azərbaycan Türkiyə və Qərblə birləşib. İran, neftlə zəngin Azərbaycanın Amerika ilə yaxınlığından ehtiyat etdiyi üçün Ermənistan və Rusiya ilə eyni cərgədə durur.
Prezident Obama Rusiya ilə münasibətlərdə gərginliyin azaldılmasına üstünlük verir. Bu yaxınlarda Barak Obama öz məsləhətçilərinə və kabinet üzvlərinə qulaq asmaq istəməyərək, Rusiyanın Ukraynanı bölməsinə və Suriyadakı Əsəd rejiminə yardım etməsinə maneçilik törətməyib.
Keçən il Rusiya hərbi gəmiləri Xəzər dənizi akvatoriyasından qanadlı raketlərlə Suriyaya doğru atəş açdıqdan sonra, postsovet məkanındakı siyasətlə Yaxın Şərq bütövləşməyə başladı. Türkiyə ilə Rusiya arasındakı qarşıdurma isə bu prosesi sürətləndirdi.
Regionda Putinin problemləri dərinləşir. Azərbaycan həm Rusiya, həm də İranla sərhəddi olan yeganə ölkədir. Belə vəziyyət isə Şərqlə Qərb arasında dəhlizin yaradılmasında və Avropa ilə Orta Asiyanın birləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu arteriya üzərində nəzarət, Vladimir Putinin imperiya planlarının vacib elementlərindən biridir.
Uzun illər ərzində Azərbaycan və ABŞ arasındakı münasibətlər soyuq olub. Çünki regionda ABŞ-ın təhlükəsizlik məsələlərinin həllində iştirak etməməsi və Vaşinqtonun Azərbaycanda insan haqlarının pozulmasına hədsiz diqqət göstərməsi Azərbaycanı narazı salıb. Lakin keçən il iki ölkə arasında münasibətlər istiləşməyə başlayıb. Siyasi və hərbi əlaqələri müzakirə etmək üçün yüksək səviyyəli Amerika nümayəndələri Azərbaycanda olublar. Digər tərəfdən isə Bakı ilə Avropa Birliyi arasında strateji əməkdaşlıq barəsində danışıqlar aparılıb. Xoş məram kimi Azərbaycan onlarla siyasi məhbusu azad edib, Obama administrasiyası isə cavab addımı kimi Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtona dəvət etdi.
Hal-hazırda Putin həll olunmamış münaqişədən istifadə edərək, Ukraynadakı kimi, bu qonşu ölkəni zəiflətməyə cəhd göstərir. Moskvanın gizli yollarla bu cür əməlləri bacarmasına isə çox az adam şübhəylə yanaşar.
Maraqlıdır ki, bu münaqişə 2014-cü ildə də gərginləşmişdi və həmin hadisə Rusiyanın, Fransa və ABŞ–ı sülh danışıqları prosesindən sıxışdırıb çıxarmağa cəhd etdiyi və birtərəfli qaydada Soçidə sammit keçirməsi ilə üst-üstə düşmüşdü. Bu ilki silahlı toqquşma isə, Obamanın keçirdiyi nüvə sammiti və İham Əliyevin Vaşinqtona şəfəri dövrü baş verdi. Putin hər iki tərəfə (həmçinin Qərbə) xatırlatmaq istəyir ki, əgər onlar Kremlin oyun qaydaları ilə oynamasalar, onda o, regionda daha böyük xaos təşkil edəcək.
Dağlıq Qarabağdakı döyüşlərin gedişində son 20 il ərzində ilk dəfə olaraq, Azərbaycan işğal olumuş torpaqların bir hissəsində nəzarəti geri qaytara bilib. Yəqin ki, Azərbaycan daha böyük uğurlar əldə etmək istəyir və sözsüz ki, o da istisna olunmur ki, Ermənistan cavab zərbəsi ilə bu uğurları heçə endirməyi arzulayır.
Belə ki, Obamanın prezidentliyinin son ilində, biz Qafqazdakı münaqişənin gərginləşməsini görürük. Lakin bütün bu müddət ərzində Obama administrasiyası, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə, sülh prosesində Amerikanı təmsil edən Ceyms Uorlikin vurğuladığı kimi, Rusiya ilə eyni baxışlara malik olduqları əfsanəsini inadla təkrarlayır. ABŞ–ın inkarçı siyasət aparması, Vaşinqtonun bu regiona ciddi yanaşmamasının göstəricisidir. Əgər Amerika, Qafqazadakı geniş miqyaslı müharibənin qarşısını almaq istəyirsə, onda Vaşinqton öz üzərinə ciddi diplomatik təşəbbüslə missiya götürməli və Ermənistan ilə Azərbaycanı bu problemin həllinə cəlb etməlidir. Bu isə yalnız o zaman baş verə bilər ki, ABŞ Qafqazı, Ukraynadan Suriyaya qədər uzanan münaqişələr qövsünün bir parçası hesab etsin.
(The Wall Street Journal)


Şərhlər