Menu

"Ev tikmək üçün bizdən 4000 manat pul istəyirlər" -Binəqədidən şikayət

12.04.2016, 08:49
"Ev tikmək üçün bizdən 4000 manat pul istəyirlər" -Binəqədidən şikayət

Bakı şəhəri Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu "AzPolitika.info" saytı vasitəsilə ölkə rəhbərliyinə, bir sıra səlahiyyətli şəxslərə müraciət edib. Onun müraciətini qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

"Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, Binəqədi rayon İcra Hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanuni qaydada aldığımız torpağın üzərində ev tikmək üçün bizdən 4000 manat pul istəyirlər.

İmkanımız olmadığı üçün onların istədiyi pulu verə bilmədik. Buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib.

Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən həmin 3 sot torpağı sahibindən qanuni qaydada pulumuzu verib almışıq və buna dair sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır. Qeyd edim ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb, üzərində ev tikdirmişdilər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa, buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar.

Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pul verib. Mənim isə heç bir imkanım yoxdur deyə qanunsuzluqla üzləşmişəm. Evin tikintisini isə qohum-əqraba kömək edir.

Uzun illərdi ailəmlə, iki azyaşlı uşaqla kirayədə yaşayıram. Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıyam. Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm.

Mətbuat vasitəsi ilə də Prezidentimiz cənab İlham Əliyevə müraciət edib xahiş edirəm ki, bu faktın yerində yoxlanılıb qanuni tədbir görülməsinə göstəriş verəsiniz. Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var, ya yoxdur.

Belə olanda Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocasən bələdiyyəsinin yaratdıqları korrupsiya şəbəkəsinin  əməlləri üzə çıxacaq. Xahiş edirəm köməklik edin".

P.S. Müraciətdə göstərilənlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocasən bələdiyyəsinin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol