Menu

Suriya danışıqları növbəti dəfə dayandı - Əsədin taleyi necə olacaq...

19.04.2016, 00:46
Suriya danışıqları növbəti dəfə dayandı - Əsədin taleyi necə olacaq...

Cenevrədə başlayan Suriya danışıqlarının ikinci turu uğursuzluğa düçar olub. Türkiyənin "Star" qəzeti suriyalı müxaliflərə istinadən xəbər verir ki, aprelin 18-də səhər saatlarında başlayan danışıqlar günortadan sonra müxaliflər tərəfindən birtərəfli qaydada təxirə salınıb.

Müxaliflər danışıqları dayandırma səbəbi olaraq humanitar yardımların çatdırılmasının dayandırılması, Hələb, Hums, Rastan və digər şəhərlərdə əldə olunmuş atəşkəsin hökumət qüvvələri tərəfindən pozulması, həbslərin azalmadığı, əksinə artmasını göstəriblər. Müxaliflər müzakirələrin bu şəkildə davam etməsinin “Suriya xalqının acılarının artırdığını” bəyan ediblər.

Ancaq müzakirələrin durdurulmasının siyasi səbəbləri var. Beynəlxalq  media quruluşları danışıqların Suriyada “keçid idarə orqanı” mövzusunda tərəflərin anlaşa bilməməsi səbəbindən dayandığını iddia edir. Ancaq bununla belə,  müxaliflər bu addımın danışıqların dayandırılması və ya “müzakirələrdən çəkilmə” mənasına gəlmədiyini və dolayısı ilə şərtlərin qəbul olunacağı təqdirdə danışıqların bərpa oluna biləcəyini bildiriblər. Məlumatlara görə, artıq qərar BMT baş katibinin Suriya münaqişəsi üzrə özəl təmsilçisi Stefan de Misturaya bildirilib.

BMT baş katibinin Suriya üzrə özəl təmsilçisi Stefan de Mistura müxaliflərin danışıqları təxirə salma qərarının ona da bildirildiyini təsdiqləyib. Eyni zamanda əlavə edib ki, müxaliflər Cenevrədə qalacaq və bundan sonra texniki işlərlə bağlı müzakirələr BMT himayəsində deyil, özəl kanallarla davam edəcək.

Suriyeli muhalifler, Cenevre'deki görüşmeleri erteledi

Qeyd edək ki, Cenevrə danışıqlarının ilk turu martın 12-14-də keçirilib. Ancaq ciddi nəticə almaq mümkün olmayıb. Elə hazırkı prosesdən də ciddi nəticə gözləmək mümkün deyil. Yeri gəlmişkən, iki gün əvvəl Suriyada parlament seçkiləri keçirilib. Rəsmi Dəməşq isə bəyan edib ki, müxaliflər Əsədin taleyini müzakirə edə bilməzlər. Danışıqların hazırda əsas problemi də Əsədin yeni hökumətdəki yeri ilə bağlıdır. Müxaliflər, eləcə də ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə Əsədin keçid hökumətində olmamasını tələb edir.
(musavat.com)

Göründüyü kimi, danışıqların pozulmasının əsas səbəbi keçid hökuməti mövzusudur. Bəşər Əsədin keçid hökumətində yer alıb-almayacağı mövzusu tərəflər arasında əsas problemə çevrilib. Müxaliflər, o cümlədən S.Ərəbistanı, Qatar, Türkiyə kimi dəstək ölkələr Bəşər Əsədin keçid hökumətində yer almasına qarşıdır. Rəsmi Dəməşq isə Bəşər Əsədin taleyinin müzakirə mövzusu olmayacağını bəyan edir. Məhz Dəməşqin son açıqlamasından sonra müxaliflərin nümayəndəsi, “İslam Ordusu” qruplaşmasının liderlərindən olan Məhəmməd Alluş Cenevrədən tərəfdarlarına müraciət edərək savaşı yenidən bərpa etməyə çağırıb. Bununla da əslində tərəflərin anlaşmadan çox uzaq olduğunu ortaya qoyub. Suriya danışıqlarının ən ali beynəlxalq qurum olan BMT çətiri altında keçirilməsinə baxmayaraq artıq neçənci dəfədir yarımçıq dayandırlması onu göstərir ki, danışıqlar yolu ilə yaxın zamanlarda hansısa irəliləyiş əldə etmək  mümkün olmayacaq. Tərəflər daha çox vaxt uzatmaq və rəqibi daha da zəiflədilib, sahədə üstünlük əldə etməyə çalışır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol