“Onlar etiraf edirlər ki, Elşad müəllim, bizi bağışlayın...”

ABU-nun sabiq rektoru Elşad Abdullayev son vaxtlar susqunluq nümayiş etdirir. “Mandat qalmaqalı”nın başlanmasına və məhkəməyə qədər davam etməsinə səbəb olan sabiq rektordan son aylarda nə hər hansı video, nə də açıqlama gəlir.

Martın 18-də E.Abdullayev “Yeni Müsavat”a yolladığı məktubunda bu məsələyə toxunub. Yazıb ki, hazırda itkin düşmüş qardaşı Mahir Abdullayevin işində heç bir yenilik olmamasının səbəbləri var. Onun sözlərinə görə, M.Abdullayevin oğurluq işini araşdıran 12 müstəntiq bu barədə etiraf ediblər. Onlar bildiriblər ki, bu işlə bağlı iki cinayət işi var: “Müstəntiqlərin dediyinə görə, ”bu işlərdən biri siyasi sifarişdir, ikincisi isə obyektiv həqiqi cinayətkarları ifşa edən işdir. Bunun üçün prezidentin siyasi iradəsi gərəkdir, çünki bu işlər elə adamlara gedib çıxır ki, dilimiz gəlmir danışmağa". Bundan başqa, 2013-2014-cü illərdə aparılan məhkəmələr bütün ağır cinayətlərə xırda xuliqanlıq kimi hüquqi qiymət verərək əsl sifarişli, qərəzli məhkəmə sisteminin mahiyyətini nümayiş etdirdi".

E.Abdullayevin yazdığına görə, hakimiyyətdə maraqlı şəxslər MTN zabiti Mahir Abdullayevin oğurlanmasını cəmiyyətə adi bir xırda oğurluq kimi təqdim etməyə cəhd edirlər: “Əgər adi, xırda cinayətdirsə, nə üçün bu günə qədər cinayətin 16 şahidi aradan götürülmüşdür? Zərərçəkmişi susdurmaq üçün təzyiq altında saxlanılması, tutduqları vəzifələrindən sui-istifadə edərək bizim əleyhimizə yönəldilmiş cinayət işlərinin açılması da buna sübutdur».

E.Abdullayev M.Abdullayevlə bağlı aparılan axtarış əməliyyatlarında fəal iştirak edən şəxslərin taleyinə də toxunub. Yazıb ki, ABU-nun Müdafiə Komitəsinin sədri professor Zülfü Məmmədovu oğurlayaraq həbs ediblər, həbsxanada 3 aydan sonra infarktdan öldüyünü deyərək, meyitini veriblər. Bundan başqa, M.Abdullayevi fəal axtaranlardan biri olan ABU-nun mühafizə xidmətinin rəhbəri idmançı Ramin Qədimov 3-4 ay öncə qətlə yetirilərək cəmiyyətə narkoman kimi təqdim olunub: “Məhkəmələr bütün hallarda zərərçəkmişi özünü müdafiə etmək hüququndan məhrum edib. Buna görə də MTN zabiti Mahir Abdullayevin oğurlanmasına AR Cinayət Məcəlləsinin 110 maddəsi qaydasında ”İnsanları zorakılıqla yox etmə" cinayəti kimi hüquqi qiymət verilməlidir. Biz Avropa Məhkəməsinə buna görə şikayət etmişik, ancaq Azərbaycanın hüquq-mühafizə orqanları Mahirdən başqa hər şeydən danışırlar. Nəticədə isə zərərcəkmişin üstünə sifarişli coxsaylı poqonlu əcinnələr, sarı qəzetçilər və «müstəqil» ekspertlər yeriyir. Onların çoxu etiraf edir ki, Elşad müəlliım, bizi bağışlayın, bizim müəllimimiz olmusunuz".

(Musavat.com)