Menu

Rusiya tankerində yanğın söndürüldü - YENİLƏNİB

23.04.2016, 19:35
Rusiya tankerində yanğın söndürüldü - YENİLƏNİB

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın tam söndürülüb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.

Məlumata əsasən, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə üzən tankerdə yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub. Dərhal FHN və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

* * *

Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya bayrağı altında üzən gəmidə baş verən yanğınla bağlı birgə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzinə “SOS” siqnalı daxil olub.

Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Hazırda FHN-in “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

* * *

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub. APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır.

Bundan başqa, 18 nəfərin təxliyə olunduğu təsdiqlənib.

* * *

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.

Hadisə nəticəsində bir nəfər vəfat edib.

* * *

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.

Məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol