İranın Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəd –buraxılış məntəqələrində güzəştlərin tətbiqi məsələsini araşdırır.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bunu bu gün keçirdiyi həftəlik konfransda bildirib.
H.Cabiri Ənsari deyib ki, ötən həftə Azərbaycan və İran müştərək sərhəd-buraxılış məntəqələrinə və sərhədinə baxış keçirib. “Hər iki tərəfdən gediş-gəlişə nəzarət buraxılış məntəqəsinin işi ilə tanış oldum və bir sıra problemlərin olduğunun şahidi oldum. İranın Xarici İşlər Nazirliyi sərhəd –buraxılış məntəqələrində hər iki ölkənin vətəndaşlarının gediş – gəlişinin asanlaşdırılması, həmçinin yük daşımaları və yük maşınlarının gediş-gəlişinin asanlaşmasını gündəmdə saxlayır”.
H.Cabiri Ənsari qeyd edib ki, sərhəd-buraxılış məntəqəsinin məsul şəxsləri bütün çətinliklərə baxmayaraq çalışırlar ki, hər iki ölkənin vətəndaşlarına xidmət etsinlər və onların gediş-gəlişini asanlaşdırsınlar: “Ümid edirəm sərhəd-buraxılış məntəqələrində mövcud olan bəzi problemlər aidiyyatı qurumlar tərəfindən öz həllini tapacaq”.
H.Cabiri Ənsari Araz iqtisadi zonasının uğurlu bir iqtisadi zona olduğunu da vurğulayıb: “Ümid edirəm sanksiyaların ləğvindən sonra iqtisadi zonada düzgün idarəetmə nəticəsində daha faydalı işlər görüləcək”.


Şərhlər