Samir Əliyev: "Mənfəət az göstərilir, səhmdar cəmiyyətlərin xərcləri isə süni şəkildə şişirdilir"

2013-cü ildə dövlətə məxsus özəlləşdirilən obyektlərdən dövlət büdcəsinə 52,9 min manat dividend daxil olub. 2010-cu ildən dividendlər azalır.

Əmlak Məsələləri Komitəsinin məlumatına görə, ötən il dividendlər üzrə mədaxil 10% azalıb. 2010-cu ildə səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinə görə dividendlərdən daxilolmalar 106,8 min manat olub.

Dövlət müəssisələrinin səhmlərinin özəlləşdirilməsi 1998-ci ildən başlayıb, dividendlər 2010-cu ildən daxil olur. O vaxtdan ümumi dividend həcmi 1,2 mln manat təşkil edib.

ƏMDK xətti ilə dövlət müəssisələrinin bazasında 1599 SC, o cümlədən 2013-cü ildə 5 SC yaradılıb. ƏMDK-nin hesabatına əsasən, 2013-cü ildə dövlət 300 SC-də səhm payına (20-45%) malik olub. Pul hərraclarında 41, ixtisaslaşdırılmış pul hərraclarında 5, investisiya müsabiqələrində 3 SC-nin səhmləri satılıb.

Dövlətin pay sahibi olduğu SC-lərin çoxu işləmir. Bunların 99%-i Bakıdan kənardır ("Turan").

Dövlətə məxsus obyektlərdən büdcəyə daxil olan məbləğin azlığı diqqətdən kənar qala bilməzdi.

İqtisadçı-ekspert Samir Əliyev azadlıq.info-ya bildirib ki, son illər səhmdar cəmiyyətlərin Məhdud Məsuliyyətli Cəmiyyətlərə (MMC) çevrildiyini deyir. Çünki MMC-yə bir qayda olaraq nəzarət bir şəxsin əlində olur. Köhnə zavod, fabrik, istehsalat müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlər isə effektiv işləmir. Bir müddət sonra isə ləğv edilərək ərazisi baha qiymətə satılır və yerində ticarət obyekti, yaxud yaşayış binası tikilir.

Ekspertin sözlərinə görə, ümumilikdə tendensiya ondan ibarətdir ki, getdikcə səhmdar cəmiyyətlərin payı azaldılır. Son vaxtlar mətbuatda da səhmdar cəmiyyətdə iştirak edən payçıların dividend ala bilmədiyi ilə bağlı məlumatlar da çoxalır. Bunun da əsas səbəbləri mənfəətin az göstərilməsi üçün səhmdar cəmiyyətlərin xərclərinin süni şəkildə şişirdilməsidir. Dividendlər də gəlirlərdən verildiyindən onların da həcmi azalır: "Digər tərəfdən, bu müəssisələrin istehsal etdiyi məhsul bazarda rəqabət apara bilmir. Ona görə dövlət əlində olan bu səhmdar cəmiyyətləri özəl şirkətlərə verməklə səmərəliliyin artırılmasına kömək edə bilər. Ancaq indiki halda dövlətin payı olan səhmdar cəmiyyətlərdə istər vergi ödənişi, istər də dividendlərin ödənməsində artım gözlənilmir. Getdikcə bu tendensiya azalmaqda davam edəcək".