Menu

DYP-dən gizli yol patrulu ilə bağlı açıqlama: Bakıda qəzaların sayı azalıb

26.05.2016, 12:44

Kamran El“Bakıda fəaliyyət göstərən gizli yol patrulu qəza və qayda pozuntularının sayını azaldıb”.

Bunu virtualaz.org-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Gizli yol patrulunun qayda pozuntuları ilə bağlı elektron protokol tərtib etdiyini deyən K.Əliyevin sözlərinə görə, bu avtomobillər vaxtaşırı paytaxtda müşahidələr aparsalar da, hər hansı nəqliyyat vasitəsini saxlamaq səlahiyyətləri yoxdur.

“Məhz nə qədər protokolun gizli polis patrulu tərəfindən tərtib olunduğunu deyə bilmərik. Bu xidmət haqqında məhdud məlumat verilir. Amma onu deyə bilərik ki, ötən il ümumilikdə 2,5 milyondan çox inzibati xəta aşkarlanıb. Sözsüz ki, bu xidmətin də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına, qəzalarda ölən və yaralananların sayının azalmasına təsiri böyük olub. Bu və ya digər tədbirlər nəticəsində 4 ay ərzində Respublikada yol nəqliyyat hadisələrin sayında 24 fakt, qəzada ölənlərin sayında 8, yaralananların sayında isə 114 fakt azalma var. Bu da uyğun olaraq qəzaların 18 faiz, qəzada ölənlərin 35, 5 faiz, yaralananların isə 15, 8 faiz azalmasına səbəb olub. Amma piyadaların vurulması ilə bağlı baş verən qəzalar bir qədər artıb, ümumi qəzaların 42 faizini təşkil edir”.

Şöbə rəisi həmçinin bildirib ki, sürücülərin fəaliyyəti xüsusi texniki vasitələrin köməyi ilə izlənilir. Onların hansı avtomobillərlə qayda pozuntularını izlədikləri ilə bağlı məlumat verilmir:

“Bunlar müxtəlif markalarda olan nəqliyyat vasitələrindən ibarətdir. Amma sürücülərimiz bilməlidirlər ki, bu xidmət hər an onların yanında, arxasında, qarşısında ola bilər. Ona görə də, sürücülər qaydalara doğru-dürüst riayət etməlidirlər ki, həm müvafiq məsuliyyətə cəlb olunmasınlar, həm də qəzadan uzaq olsunlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol