Hay başqa, erməni başqa...

Xeybər GÖYYALLI

Bu mövzuda bir dəfə də yazmışam. Daha dəqiqi, 2009-cu ildə. Onda “Mədəniyyət” qəzetində işləyirdim. Həmin köşə yazısının sərlövhəsi belə idi: ”Bizim mahnılar. Nədən ermənilər onu belə şövqlə ifa edirlər?”

O vaxt yazıya impulsu Brilliant Dadaşovanın məşhur “Vokaliz” mahnısını ermənilərin oğurlayıb klip çəkdirmələri vermişdi. Yazıda ermənilərin mədəniyyət və incəsənət nümunələrimizə sahib çıxmaları Sovet ideologiyasının yaratdığı süni beynəlmiləlçilik təbliğatı ilə əlaqələndirilsə də, köşə yazısı sonda bu notlarla qurtarırdı: “... Çünki ermənilər uzun illər azərbaycanlılarla birgə yaşayıb, başıaşağı, üzüyola olublar”.

Dünən bununla bağlı bir elmi araşdırma yazısını oxuduqdan sonra düz yeddi il əvvəl gəldiyim qənaətdə nə qədər haqlı olduğumu özlüyümdə bir daha təsdiqlədim. Həmin elmi araşdırma yazısında bir neçə alimin tədqiqatının nəticəsi ortaya qoyulub. Ayrı-ayrı tədqiqat müəllifləri müxtəlif vaxtlarda apardıqları elmi araşdırmalarında birmənalı şəkildə belə qənaətə gəliblər ki, haylar və ermənilər bir-birindən tamamilə fərqli tayfalardır. Haylar Qafqaza çox-çox uzaqlardan haylanıb gəliblər. Ermənilərin isə ata-babaları türklər olublar. Sonradan haylarla ermənilər qonşu xalqlar kimi bir-birinə qaynayıb-qarışıblar.

Bu faktı əşyayi-dəlil kimi təsdiq edən ən böyük sübut nisbətən qədim erməni dilini çağdaş ermənilərin bu gün tərcümə ilə qavramalarıdır. İkinci fakt Qarabağda yaşayan ermənilərin dili ilə Ermənistan adlanan ərazidə yaşayan hayların dillərinin arasında ciddi fərqin olmasıdır. Elə mən yeddi il əvvəl fəhmimə güvənib deyirdim ki, bu ermənilər türklərdən törəməsə idilər, dünya dağılsaydı belə, bizim ”Sarı gəlin” mahnımızı Azərbaycan türkcəsində bu boğazda oxuya, “Yaylığım”, “Uzundərə” xalq rəqslərini bu cür şövqlə oynaya bilməzdilər. Biz də əsəbiləşirik ki, qonşularımız nəyimiz var oğurlayırlar. Dolmanı, plovu, xalçanı, kilimi, qədim daş abidələri, bir sözlə, nə var yiyə çıxırlar. Bu, düşmənçilikdən irəli gəlmir. Qan çəkdiyindən belə edirlər, özlərindən asılı deyil. Heç eşitmisiniz ermənilər ruslardan , gürcülərdən, ləzgilərdən nə isə oğurlasınlar? Oğurlasalar da, əldə saxlaya bilmirlər. Çünki işlədə bilmirlər.

Necə işlətsinlər, dillərinə yatmır, ruhların oxşamır. Haylarla qarışmış ermənilər çox nəsnələri türklərdən əxz ediblər. Müasir erməni dilində yüzlərlə türk sözü işlənir. Amma türk dillərinin heç birində bir kəlmə olsun belə erməni sözünə rast gəlmək mümkün deyildir. Təkcə bu faktın özü çox nəsnələrdən xəbər verir. Günü bü günə qədər Anadolu və Azərbaycan türkləri erməni adlandırılan qövmün heç nəyinə iddiaçı olmayıb, onların heç bir maddi-mənəvi dəyərindən faydalanmayıb. Çünki buna birmərrə ehtiyac olımayıb. Səbəbi olduqca sadədir: qədimlik və böyüklük.

Bəs, bu haylaşmış ermənilər türklərlə niyə öcəşirlər? Təbii bir qanunauyğunluq da vardır: bəla baladan gəlir. Tarixin ibrətamiz təcrübəsi göstərir ki, oğullar ataları bəyənməyib, onların üzünə ağ olublar.

Türklərin, ermənilərin bir xalq kimi formalaşmasında rolunu bəzi vicdanlı ermənilər zaman-zaman etiraf etmişlər. Erməni yazıçısı Torkum Stepanyan zamanında belə bir səmimi etirafı xalqına çatdırıb: ”Biz həyatımız boyu türk millətinə borcluyuq, türklər olmasaydı, bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti”. Digər bir erməni müəllif yazır: ”Ermənilər indiki dövrdə milli varlıqlarına görə, həqiqətən, səlcuq və osmanlı türklərinə borcludurlar. Bizansların və ya digər avropalıların əlində qalsaydı, erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi” (Levon Dabağyan). Bu məqamda aydınlıq naminə deyək ki, ermənilər tarixin müxtəlif dönəmlərində yox olmaq, sıradan çıxmaq təhlükəsi ilə rastlaşanda, özlərinin də etiraf etdikləri kimi, türklərə sığınıblar. Türklər də erməniləri özününkü bilib onları yer üzündən silinməkdən qoruyub saxlayıb.

Bəs, ermənilər indi niyə belə edirlər? Ermənilərin Anadolu və Azərbaycan türklərinə qarşı aqressiv münasibətləri ayrı bir söhbətin mövzusu olsa da, onu da bu məqamda fəhmlə deyirəm ki, bu məsələ daha çox avropalılarla bağlıdır. Avropanı fəth etmiş türklərin qüdrətindən qorxan avropalılar ermənilərdən bir vasitə olaraq faydalandılar. Türklərin möhtəşəm qələbələrindən xoflanmış avropalılar erməniləri “körüklədilər”. Avropalılar özlərinə lazım olan məqamda bu zəruri vasitədən məharətlə istifadə etmişlər. Çox güman ki, külək belə əsirsə, bundan sonra da faydalanmaqda davam edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar