“Xidmətin rəisi Arzu Rəhimovun sürücüsü 500 min manat rüşvət almağa görə məhkəmə qarşısında dayanıb..."
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hakimiyyətdə təmsil olunan məmur övladlarının hərbi xidmətə cəlb olunması ilə bağlı açıqlama verilib. Bu qurumdan “anspress”ə bildirilib ki, Azərbaycanın bütün vətəndaşları kimi, hakimiyyətdə təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələrilə bağlı qanuna uyğun tədbirlər görülür.
Hakimiyyətdə təmsil olunan məmurların övladlarına hərbi xidmət zamanı güzəştlər tətbiq olunması və bunu təbiq edənlər barəsində görülən tədbirlərlə bağlı da açıqlama verilib: “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hər kəs kimi, məmur övladlarının da həqiqi hərbi xidmətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülür və məmur ailələrinə mənsub olduqları üçün onlara hər hansı xüsusi imkan yaradılmır”.


“Məmur övladlarının hamısı yalnız vəzifələrdə çalışmaqla məşğuldur. Sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu hazırda Xəzər rayon prokurorunun köməkçisidir. Müdafiə naziri Zakir Həsənovun oğlu isə Suraxanı Rayon Polis Idarəsinin Mühafizə Xidmətinin rəis müavinidir. Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıqovun oğlu Bakı şəhəri Vergilər Departamentinin rəis müavinidir. Həqiqi hərbi xidmətdən söhbət gedirsə, bu gün Milli Məclisdə təmsil olunan şəxslərin, o cümlədən məmurların bir çoxunun övladının adı döyüş bölgəsində deyil, ora yaxın ərazilərdə qeydiyyatda olub. Amma onlar qeydiyyatda olsalar da, əsasən öz işlərilə məşğul olublar. Prezident Administrasiyasında, Nazirlər Kabinetində işləyənlərin hansının övladı bu gün hərbi xidmətə gedir?! Ona görə də belə yalan danışmaqdansa, düşmənin bizim torpaqları işğal altında saxlamasının qarşısını alsınlar. Bunun üçün lazım olan addımı atsınlar”.
Ü.Cəfərov onu da qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti indiyədək səfərbərliklə əlaqəli hansısa tədbir keçirməyib: “Xidmətin rəisi Arzu Rəhimovun sürücüsü 500 min manat rüşvət almağa görə məhkəmə qarşısında dayanıbsa, qurum bu gün öz problemini qoyub yalan danışmaqla məşğul olmamalıdır. Onlar qoy bu məsələyə də aydınlıq gətirsinlər. Ön cəbhənin və ümumiyyətlə, hərbi xidmətin nə demək olduğunu anlamayanlar barədə ”ağ yalan" danışmasınlar".

Şərhlər