Beşmərtəbəli yataqxana hər an uça bilər, rəsmilər sakinləri aldatmaqla məşğuldur

Bakının Xətai rayonunda yüzdən artıq ailənin yaşadığı yataqxana qəzalı vəziyyətdədir. Qeyd edək ki, binada əsasən Tağıyev adına kombinatın işçiləri yaşayır. Sakinlər bildirirlər ki, illərdir hər an uçma təhlükəsi olan bu binada yaşayırlar. Döymədikləri qapı qalmasa da, aidiyyəti qurumlar onların vəziyyətinə laqeyd yanaşırlar: “Hər yerə müraciət etmişik, şikayətimizə baxan yoxdur.

Bina faktiki olaraq uçur, hər gün uçma təhlükəsi realdır. Ancaq bizi düşünən yoxdur. Günün birində binanın altında qalacağıq, bundan sonra qurumlar hərəkətə keçəcək. Hərəsi bir kostyumda çıxıb televiziyada başqağlığı verəcəklər, vəssalam”.

Əməkdaşımız sakinlərin redaksiyaya ünvanladığı şikayətlə bağlı onların yaşadığı sözügedən yataqxanada olub. Xətai rayonu, Cavanşir küçəsi, 8 ünvanda yerləşən 1 saylı yataqxananın qəzalı vəziyyətdə olması elə kənardan baxanda aydın olur. Sakinlər deyirlər ki, illərdir binanın bir tərəfi çökməkdədir, panellər aralanıb, divarlar və əksər mənzillər su içindədir, su içində olan divarlarda elektrik gərginliyi var: “Əlimizi divara vura bilmirik, hamamın, mətbəxin divarları tok keçirir. Su içindədir hər yer, beton plitələr qopub tökülür. Sanitar qovşaqlardan istifadə edə bilmirik. Bütün bina su içindədir, evlərin divarlarından su tökülür. Uşaqlarımız xəstəlik içindədirlər. Burada insan yaşamaz. Amma bizə yaşamağı rəva görürlər”.

Sakinlərdən Sevda xanım deyir ki, binanın yaşayış üçün təhlükəli olduğunu Fövqəladə Hallar Nazirliyi (FHN) də təsdiqləyib və rəy verib. Ancaq aidiyyəti qurumlar həmin rəyə heç baxmaq da istəmirlər: “FHN rəy verib ki, binanın qapıları bağlanmalı, camaat isə köçürülməlidir. Ancaq məhəl qoyan yoxdur”.

Sakinlər bildirirlər ki, ötən gün Xətai Rayon İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə də gediblər. Ancaq görüşə buraxılmayıblar: “Xətainin icra başçısı bizi görüb arxa qapıdan iş otağına getdi, bizi qəbul etmədi. İcradan dedilər ki, on günə bizə bir söz deyəcəklər. Hər ay gedirik ora, hər ay da belə deyirlər. Nazirlər Kabinetinə də getdik. Abid Şərifovun qəbuluna yazıla bilmədik. Hər dəfə deyirlər ya məzuniyyətdədir, ya da ezamiyyətdə. O, yataqxana qəzalı vəziyyətdə olduğuna görə ötən il avqustun 16-da gəlmişdi, binaya baxış keçirdi və getdi. Onlar da dedilər ki, bina yaşamaq üçün təhlükəlidir və insanlar köçürülməlidir. Ancaq ondan sonra biz görüşə bilmirik”. Sakinlərdən Zöhrə xanım da deyir ki, onların şikayətinə baxan yoxdur.

Şikayətçilərin sözlərinə görə, illərlə davam edən vəziyyət artıq pik həddədir və bina istənilən vaxt uça bilər: “Biz faciə ilə üz-üzəyik”. Beşmərtəbəli binanın bütün mərtəbələrində ciddi problem var. Binada böyük çatlar yaranıb, beton plitələr aralanıb, bəzi yerlərdə uçub. Divarlar su və nəmişlik içindədir. Sanitary qovşaqlar- hamam, tualet və mətbəx ümumiyyətlə istifadəyə yararsızdır. Tavanı uçub, dəmir dirəklər pas atıb və tavanın bir çox yerləri qopub. Hətta üçüncü mərtəbədə mətbəzin qapısı MİS tərəfindən bağlanıb:

“Ora artıq uçub, ona görə girməyə icazə verilmir”. Sakinlər burada illərdir ki, hamamsız, mətbəxsiz yaşamaqdadır: “Bəs fikirləşmirlər ki, insanlar nədən istifadə etsin? Hamam yox, evdə yuyunuruq. Suyu daşıyırıq çox zaman. Su veriləndə bax, beləcə bütün yerlər su içində olur. Belə yaşayış olar?” Sakinlər bildrirlər ki, son ümid kimi dövlət başçısına da müraciət etməyi və məmurların özbaşınalığından şikayət etməyi planlaşdırırlar.(musavat.com)

Qeyd edək ki, sözügedən yataqxananın sakinləri dünən AzPolitika.info-ya da şikayət məktubu ünvanlayıblar və əməkdaşımız ərazidə olaraq fotoreportaj hazırlayıb. Sakinlər bildiriblər ki, aprelin 8-də baş nazirin müavini Abid Şərifovun qəbuluna gedəcəklər. Əgər qəbul olunmasalar həmin gün şəhərin mərkəzində etirz aksiyası keçirəcəklər.