TeliaSonera-nın “Azərcell”dəki payını almağa Türkiyənin “Turkcell” şirkəti maraq göstərir

İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera Azərbaycanın ən iri mobil rabitə operatorundakı səhmlərini satmaq qərarına gəlib.  Virtualaz.org xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi xəbər yayıb.

Məlumatda eyni zamanda bildirilir ki, ABŞ və bəzi Avropa ölkələrində aparılan rüşvət təhqiqatı Azərbaycanın ən iri mobil rabitə operatorunun ləğvi ilə nəticələnə bilər. .

Agentliyə məlumat verən mənbələr deyiblər ki, “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edən İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera neçə vaxtdır üzləşdiyi korrupsiya ittihamlarına görə keçmiş sovet respublikalarındakı,  o cümlədən Azərbaycandakı aktivlərini satmağa çalışır.

Lakin ABŞ-da TeliaSonera şirkətinin Özbəkistan və Azərbaycandakı biznesi ilə bağlı aparılan təhqiqat aktivlərin satışına dair danışıqların ləngiməsinin əsas səbəbidir. Xatırladaq ki, TeliaSonera-nın “Azərcell”dəki payını almağa Türkiyənin “Turkcell” şirkəti maraq göstərir. Hazırda “Türkcell” TeliaSonera ilə birlikdə Fintur Holding offşor şirkəti üzərindən “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edir.

Lakin “Turkcell” və onun vəkilləri narahatdır ki, ABŞ-da davam edən korrupsiya təhqiqatına görə “Azərcell”in satışından əldə edilən vəsaitə həbs qoyula bilər. Habelə onlar “Azərcell”in lisenziyasının uzadılmayacağından narahatdır. Lisenziyanın müddəti ilin sonunda başa çatır.

Bu yaxınlarda İsveç prokurorluğu elan edib ki, TeliaSonera-nın Azərbaycandakı biznes fəaliyyəti zamanı rüşvət verildiyinə dair iddialar üzrə təhqiqatı dayandırır. Çünki rüşvətin verildiyini təsdiq edən sübutlar tapmaq mümkün olmayıb. Bununla belə “Turkcell”in vəkilləri “Azərcell”in səhmlərinin alınmasını riskli hesab edirlər və bu məsələni danışıqlarla həll etməyəçalışırlar. Lakin əsas risk ABŞ və digər ölkələrdə hələ davam edən təhqiqatlar və “Azercell”in lisenziyasının uzadılmayacağına dair məlumatlardır.

ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Piter Karr məsələni şərh etməkdən imtina edib. TeliaSonera-nın nümayəndəsi Henrik Vestman isə deyib ki,aktivləri almağa Turkcell-lə yanaşı digər iddiaçılar da var, lakin o, əlavə şərh verməkdən imtina edib. “Azərcell”in rəsmisi də agentliyə məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, "TeliaSonera" şirkəti ötən ilin belə bir bəyanat yaymışdı ki, telekommunikasiya nəhəngi tədricən Avrasiya regionundan çıxaraq əsasən biznesini Avropa regionuna yönəldəcək. Bəyanatda deyilirdi ki, şirkət tədricən Avrasiya regionundan tamamilə çıxacaq. Bəyanatda qeyd edilən Avrasiya regionuna postsovet respublikaları və Nepal daxildir.

Məlumatla bağlı "Azercell Telekom" MMC-dən açıqlama yayıb. "Azercell"n korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya "AzPolitika.info"ya bildirib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir: "Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan "Azercell Telekom" 4.5 milyonluq abunəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda "Azercell Telekom"a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.

Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir".