Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyev «Azpetrol» Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayevi döyməsi haqda yazılanlara aydınlıq gətirib. R.Əliyev virtualaz.org saytına açıqlamasında bu yazıların həddən artıq şişirdildiyini və təhrif olunduğunu deyib: “Mənim 60 yaşım var. O isə cavan oğlandır. Mənim onu döyməyim necə mümkün ola bilər? Bu, heç də inandırıcı deyil. Bunu nə üçün yazıblar - bilmirəm. İstintaq davam edir. Baş verən hadisə yazılarda təhrif olunub. Paşayev mənə fiziki təsir göstərib, xəsarət yetirib. Əlimi dəmir alətlə vurub əzmişdi. Bunu sübut edən fotolar da var”.
Hakim Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevin hadisə yerinə gəlməsi haqda yazılanlara da münasibət bildirib: “Hadisə Rəsulzadə-Novxanı yolunda baş verib. Oğlumun işlədiyi bölmə isə şəhərdədir. Onun iddia olunduğu kimi, o dəqiqə, bu qədər qısa müddətdə ora gəlib çatması mümkün deyil. Həmin şəxs məni vurduqdan sonra hadisə yerindən qaçdı. Ətrafda olan insanlar mənə yardım göstərdilər. Sonra mən həmin maşının arxasınca sürdüm. Hadisə yerindən bir az qabaqda post-patrul xidmətinin maşını dayanmışdı. Mən onlara hadisə haqda məlumat verdim. Həmin şəxsi isə polis əməkdaşları saxladılar”.
Bundan sonra Binəqədi Rayon Polis İdarəsinə getdiklərini deyən R.Əliyev oğlu ilə idarədən aryılarkən görüşdüyünü vurğulayıb: “Oğlumla idarədən ayrılarkən görüşdük. Sonra da birlikdə oranı tərk etdik”.
Məhkəmə hakimi hadisənin nə səbədən baş verməsini də izah edib: “Həmin şəxs avtomobili təhlükəli sürürdü. Maşını az qala üstümə sürəcəkdi. Mən də ona əllə işarə etdim ki, bu necə maşın sürməkdir. İşıqforda gəlib mənə dedi ki, mənə niyə əl elədin. Heç maşından düşməyimə də imkan vermədi”.
Baş verən hadisənin nəzarət kameralarına düşməsinə gəlincə isə R.Əliyev bu haqda məlumatının olmadığını və hadisənin onun danışdığı kimi baş verdiyini söyləyib: “Mən hüquqşünasam. Hadisəni təhrif edə bilmərəm”.
R.Əliyev hadisənin martın 20-də saat 15:12-də baş verdiyini qeyd edib.

Şərhlər