Bu gün Azpolitika.info saytının 2 yaşı tamam olur. Saytın rəhbəri Elnur Məhərrəmli bu münasibətlə “Qafqazinfo”ya danışıb. E.Məhərrəmli mətbuata 90-cı illərin sonlarından gəlib, “Hürriyyət”, “Bakı-Xəbər”, “Bakı-zaman” qəzetlərində redaktor-baş redaktor vəzifələrində çalışıb. 2012-ci ilin aprel ayından Azpolitika.info saytının rəhbəridir.
Çap mətbuatından onlayn mediaya keçidini “zamanla ayaqlaşmaq məcbiriyyəti” ilə əlaqələndirən E.Məhərrəmlinin fikrincə, Azərbaycanda qəzetlər tarixə çevrilməkdədir və bu prosesin qarşısını almaq mümkün deyil.
“Biz bu reallığı nəzərə alaraq, 2 il əvvəl “Azpolitika.info” saytını yaratdıq. Onlayn media bütün dünyada, o cümlədən də Azərbaycanda sürətlə inkişaf edir və demək olar ki, əsas informasiya mənbəyinə çevrilib. Çap mətbuatı bu inkişafla ayaqlaşmaq, rəqabətə davam gətirmək iqtidarında deyil. Hazırda 1-2 istisnanı nəzərə almasaq, Azərbaycandakı qəzetlərin əksəriyyətinin quru adı qalıb – cəmiyyətin informasiya ilə təminatında onların payı mövcud deyil. Ortabab bir saytın oxucularının sayı bütün Azərbaycan qəzetlərinin oxucularının sayına bərabərdir, bəlkə də artıqdır. Azərbaycanda çap mətbuatının formal olsa da, bu günkü varlığının yeganə səbəbkarı Azərbaycan hökumətidir. Əgər Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu 5 il əvvəl yaranmasa, bu illər ərzində qəzetlərin yaşamasına milyonlarla vəsait ayrılmasa idi, tam əminliklə deyirəm ki, onlayn medianın inkişafından sonra Azərbaycanda bir dənə də qəzet qalmazdı. Lakin onu da başa düşmək olmur ki, Azərbaycan hökuməti “beyin ölümü” keçirmiş, iflic hala düşmüş bir “varlığı” süni tənəffüs aparatında nə vaxtadək saxlayacaq. Mənim fikrimcə, çap mətbuatını həyata qaytarmaq artıq mümkün deyil, Azərbaycan hökuməti bu reallığı qəbul etməli və informasiya texnologiyalarındakı hazırki inkişafı nəzərə alaraq, yardımlarını da onlayn medianın inkişafına yönləndirməlidir.”
E.Məhərrəmli rəhbəri olduğu saytın qısa zaman ərzində internet medasında öz yerini tuta bildiyini, bu sahədə günü-gündən güclənən rəqabət mühitindən çəkinmədiklərini deyir. “Çap mediasından fərqli olaraq, xüsusən də son 1-2 ildə internet mediasına böyük pullar daxil olmağa başlayıb. Bu çox yaxşı hal olsa da, yetərli maliyyəsi və təcrübəli kollektivi olmayan saytları məhv olmaq təhlükəsilə üz-üzə qoyacaq. Biz bundan çəkinmirik. Çünki rəqiblərimizin böyük büdcəsinə və çoxsaylı kollektivinə qarşı azadlığımızı, təcrübəmizi və iradəmizi qoymuşuq!”



Şərhlər