“AMAY”-ın rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Azpolitika.infonun qısa şərhi: Abdulla Abdullayevin həbsi gözlənilən hadisə idi. Məsələ ondadır ki, o, bir neçə ildir hakimiyyət daxilindəki qüdrətli dairələrlə qarşıdurmada idi. AMAY rəhbəri bir neçə dəfə mətbuat konfransı keçirərək bəyan etmişdi ki, var-dövlətini, əmlakını onun əlindən almaq istəyirlər, amma verməyəcək, sonadək dirənəcək. Bir qədər də konkretləşdirsək, A.Abdullayevdən dəyəri bir neçə yüz milyonla ölçülən Xətai metrostansiyası yaxınlığındakı "AMAY" ticarət mərkəzini tələb edirdilər.
Əldə olunan məlumatlardan, həmçinin A.Abdullayevin açıqlamalarından belə görünürdü ki, bu məqsədə çatmaq üçün ona qarşı yaxşı düşünülmüş plan da qurulub. Belə ki, ticarət mərkəzinin tikintisi zamanı maliyyə böhranı keçirən A.Abdullayevə Azərbaycan Sənaye Bankı vasitəsilə kredit təklif ediblər. Çarəsiz olan Abdullayev, xeyli sayda əmlakını girov qoyaraq kredit götürüb. Lakin pulu vaxtında qaytara bilməyəndə əlavə faizlərlə yüklənib və əmlakının üzərinə "çöküblər". Lakin A.Abdullayev bəyan edirdi ki, əsas məqsəd ondan AMAY ticarət mərkəzini almaqdır.
Baş Prokurorluğun indi həbsə səbəb kimi göstərdiyi hadisə də elə o illərdə - təxminən 5 il əvvəl açılmışdı və istintaq gedirdi. A.Abdullayev bəyan etmişdi ki, bu cinayət işi ona təzyiq məqsədini daşıyır. Həqiqətən də maraqlıdır, bu istintaq niyə illərlə uzandı? Baş Prokurorluq "Birlik" Bankdakı qanunsuzluğu hələ 5 il əvvəl aşkarlayıb, hətta buna görə o vaxt bankın vəzifəli şəxslərini həbs etmişdisə, A.Abdullayevin məsuliyyəti məsələsi niyə illərdən sonra ortaya çıxdı?
Bu müəmmalı vəziyyət onu göstərir ki, təzyiqlə A.Abdullayevi qorxutmaq və AMAY-ı ondan almaq cəhdləri nəticə vermədiyindən həbs variantı gündəmə gətirilib.
Xatırladaq ki, A.Abdullayev bir vaxtlar hakimiyyətin alovlu müdafiəçisi, həmçinin akademik Cəlal Əliyevin biznes şəriki idi.
Vaqif NƏSİBOV
Azpolitika.info

Şərhlər