Hörmətli Elnur bəy!
Hörmətli Azpolitika.info saytının kollektivi!
Azərbaycan reallıqlarını doğru-dürüst əks etdirən, həmişə qərəzsiz, prinsipal mövqeyi ilə fərqlənən və təqdim etdiyi hər bir materialı günümüzlə səsləşəm saytınızın yaranmasının iki illiyi münasibəti ilə sizi təbrik edirəm.
Siz qısa müddət ərzində və kiçik kollektivinizin gərgin əməyi ilə geniş oxucu kütləsi əldə etməklə yanaşı, cəsarətli araşdırmalarınız, ictimai-siyasi proseslərin dərin mənasını əks etdirən təhlilli yazılarınız və gündəmin nəbzini tutan operativ informasiya balansınızla KİV-in qarşınızda qoyduğu çətin vəzifələrin öhdəsindən gələ bilmisiniz.
Tutduğunuz prinsipial mövqe, ictimai neqativlərlə barışmazlıq, korrupsiya və rüşvətxorluq faktlarını vaxtaşırı işıqlandırmağınız, mənsubiyyətindən asılı olmayaraq milli maraqlarımıza zidd mövqe tutan hər bir kəsin əməlini ifşa etmə cəsarətiniz saytınızın işini əngəlləmək, qapatmaq kimi risqlər qarşısında qoymasına baxmayaraq, siz mətanətlə bu maneləri dəf etmiş, yarandığı gündən elan etdiyiniz prioritet və dəyərləri qoruyub saxlaya bilmişsiniz.
Saytınızın izləyiciləri Azpolitika.infonun timsalında hakimiyyətə boyun əyməyən, onun “mərhəmətinə” sığınmayan, düzü düz, əyrini əyri əks etdirən, iqtidarın xalqa yönəlik sərt və üzücü siyasətini, müxalifət adı daşıyan bəzi qüvvələrin milli birliyimizlə uzlaşmayan hərəkətlərini, dini, etnik zəmində yaşanan problemləri, məhkəmə ədalətsizliklərini, polis zorakılığını, insan hüquq və azadlıqlarının pozulmasını, Azərbaycan bütövlüyünü tayfa, regionçuluq cılızlığı içində əritmək istəyən yetkililərin yanlışlıqlarını qabatmağınızın, ictimai sferaya çıxarmağınızın canlı şahidi olmuş və ürək yanğısı ilə, peşəkarlıqla üstünə getdiyiniz bu neqativlərin aradan qaldırılmas istiqamətində səylərinizi alqışlamışdır.
Hörmətli Elnur bəy!
Sizi və kollektivinizi saytın yaranmasının iki illiyi münasibəti ilə bir daha təbrik edir, ölkəmizdə söz, mətbuat, azad düşüncə və bütövlükdə insan hüquq və azadlıqlarının çətin sınaqlar yaşadığı, alternativ informasiyanın, siyasi plürallığın, iqtisadi azadlıqların məhdudlaşdırıldığı bir məqamda daha cəsarətli, daha kəsərli yazılarla oxucularınızı sevindirməyi arzulayır və çətin, şərəfli işlərin yükünü daşımaqda uca Tanrıdan sizə səbr və iradə diləyirəm.
Nurəddin İsmayıl

Şərhlər