Aynur Mehdiyeva məhkəməyə meydan oxudu: "Kefim belə istəyir"

Aprelin 4-də Yasamal rayon məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin siyasi sifarişi əsasında Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva tərəfindən Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə irəli sürülmüş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi davam edib. Məhkəmədə G.Hacıbəyli, onun vəkilləri Elçin Sadıqov, Muxtar Mustafayev, Bəhruz Bayramov, xüsusi ittihamçı A.Mehdiyeva və onun nümayəndəsi iştirak ediblər.

Öncə G.Hacıbəyli ötən məhkəmə prosesində verilən vəsatətə münasibət bildirməyi hakimdən xahiş edib. Vəsatət Aynur Mehdiyevanın 29 yanvar tarixli məhkəmə iclasında G.Hacıbəylini təhdid etməsi və hədələməsinə görə cinayət məsuliyyətə cəlb edilməsi barədə Baş Prokurorluğa müraciət haqqında idi. O zaman G.Hacıbəyli A. Mehdiyevanın nəinki özünün, eləcə də 12 yaşlı qızının filippinli dayə Llanta Fe Diaza işgəncə verdiyini bildirəndə A.Mehdiyeva onu böhtan atmaqda günahlandırmışdı. G.Hacıbəyli bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 144.1.2.8 və 144.2.1-ci maddələri ilə cinayət törətməkdə ittiham olunan Aynur Mehdiyevanın məhkəmə prosesi başlayıb: “Aynur Mehdiyevanın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən 31 mart tarixli məhkəmə iclasında dövlət ittihamçısı Fariz Rzayev və Mehdiyevanın vəkili Namiq Abbasquliyev Aynur Mehdiyevanın qızı barəsində dayəyə qarşı işgəncə faktlarına görə cinayət işi başlandığını, lakin qızın azyaşlı olduğu üçün işə xitam verildiyini təsdiq etdilər. Beləliklə də Aynur Mehdiyevanın növbəti yalanı da ifşa olundu.”. Vəkil Muxtar Mustafayev qızla bağlı qərardan şikayət verilib-verilmədiyini soruşduqda, şikayətin verilmədiyi bəlli oldu.

Daha sonra G.Hacıbəyli vəsatət verərək A.Mehdiyevanın fevralın 7-də keçirilən prosesdə yalan ifadə verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirdi: “O, zərərçəkən kimi verdiyi ifadəsində heç vaxt heç bir orqan tərəfindən təqsirləndirilən və ya şübhəli şəxs qismində cəlb edilmədiyini bildirmişdi. Məhkəmənin diqqətinə təqdim etdiyimiz Mehdiyeva Aynur Lətif qızının Azərbaycan Respublikası CM-in 144.1.2.8 və 144.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 131900204 saylı cinayət işi üzrə 12 fevral tarixli ittiham aktında deyilir: "İstintaq zamanı 24 yanvar 2014-cü il tarixdə Mehdiyeva Aynur Lətif qızı Azərbaycan Respublikası CM-in 144.1.2.8 və 144.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunaraq həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir". Bu ittiham aktı Aynur Mehdiyevanın fevralın 7-də məhkəmədə yalan ifadə verdiyini birmənalı şəkildə təsdiq edir. Aynur Mehdiyevanın mənə qarşı xüsusi ittiham qaydasında şikayəti də yalnız bu yalan üzərində qurulub. Bilavasitə işin mahiyyəti ilə bağlı olan bu yalana görə Aynur Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün Baş prokurorluğa müraciət etməyinizi xahiş edirəm”.

A.Mehdiyevanın nümayəndəsi isə vəsatətin əsassız olduğunu, A. Mehdiyevanın 12 fevral tarixində ittiham edildiyini bildirsə də, G.Hacıbəyli ittiham aktının surətini nümayiş etdirərək nümayəndənin yalanını ifşa etdi. O, bildirdi ki, ittiham aktına görə Aynur Mehdiyevaya 12 fevralda deyil, məhz 24 yanvar tarixində ittiham elan olunub, təqsirləndirilən şəsx kimi cəlb edilib, başqa yerə getməmək barədə iltizama imza atıb və iki həftə sonra məhkəmədə heç vaxt təqsirləndirilmədiyi barədə yalan ifadə verib. Sonra G.Hacıbəyli hakimə müraciət edərək dedi: "Siz məhkəmədə bu qədər yalanlar danışan, yalan ifadə verən və buna görə cinayət məsuliyyəti daşıyan, eləcə də dövlət tərəfindən ağır cinayətlərdə ittiham olunan adamların saxta və gülünc şikayəti əsasında yeddi aydır ki, qanunsuz icraat aparırsınız. Bütün bu rüsvayçılıqlardan sonra siz bu insanların hansı "şərəf və ləyaqətini" qoruyursunuz?".

G.Hacıbəyli qeyd etdi ki, sentyabrın 5-də mətbuata verdiyi müsahibəsindən bir neçə ay öncə Aynur Mehdiyevanın saxlanılması barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən onlarla KİV yayıb. “Yüz KİV bu haqda yazanda bu Aynur Mehdiyevanın şərəf və ləyaqətinə toxunmur, yüzbirinci dəfə mən bu faktı xatırladanda, bu Azərbaycan dövləti tərəfindən şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə ən ağır cinayətlərdə ittiham olunan Aynur Mehdiyevanın "ləkəsiz" şərəf və ləyaqətini darmadağın edir? Bəs Mehdiyeva məndən öncə bu xəbəri yayan onlarla media quruluşuna, DİN-ə qarşı niyə dava açmır?”, - deyə Gültəkin Hacıbəyli sual etdi. A.Mehdiyevanın cavabı heyrətləndirici oldu: “Kefim belə istəyir, özüm bilərəm”. Vəkil Muxtar Mustafayev Aynur Mehdiyevaya qanunların onun kefinə görə qəbul və tətbiq edilmədiyini xatırlatdı. G.Hacıbəyli isə Azərbaycan Konstitusiyası və qanunvericiliyində, xüsusilə də, KİV haqqında qanunda Aynur Mehdiyevanın kefi və istəklərinə görə istisnaların hələlik nəzərdə tutulmadığını bildirdi.

Vəkil M.Mustafayev hakimə müraciət edərək dedi: "Saxlandı sözünə görə, özü də KİV-lərə və DİN-ə istinadən deyildiyi halda, şəxsə qarşı cinayət işi açmaq olmaz, şəxsi ağır cinayət törətmək ittihamı ilə təqsirləndirmək olmaz. Yol polisi də sürücüləri saxlayır. Bu əsasla şəxs barəsində nəinki cinayət, heç mülki icraata da başladılmır, iddia birmənalı qaydada rədd edilir. Bu əsassız və qanunsuz icraatdır”.

Sonra Gültəkin Hacıbəyli artıq ifşa olunmuş yalanlar üzərində qurulan əsassız və qanunsuz icraata xitam verilməsi haqqında vəsatətini təqdim etməyə başladı. İş günü bitdiyi üçün, hakim prosesi aprelin 11-nə, saat 16:00-a təxirə saldı.

8 ildən 12 ilədək həbslə cəzalandırılan ağır cinayət törətməkdə ittiham olunan Aynur Mehdiyevanın məhkəmədəki davranışı heç şübhəsiz ki, onun Gültəkin Hacıbəyliyə qarşı siyasi sifariş icra etməsindən irəli gəlir. Görünür, Aynur Mehdiyeva ittiham edildiyi ağır cinayətlərə görə bugünədək həbs olunmaması və gələcəkdə də həbslə bağlı olmayan daha yüngül cəza alması müqabilində üzərinə Gültəkin xanıma qarşı saxta və əsassız ittihamı və müvafiq hərəkətlərini davam etdirmək öhdəliyini götürüb. Çünki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və məcburi əmək kimi ağır cinayətlərdə ittiham olunan şəxsin Yasamal rayon məhkəməsində belə davranışlara yol verməsinin, cinayət məsuliyyəti daşıdığını bilə-bilə yalan ifadələr verməsinin, tərəfi açıq şəkildə hədələməsinin və məhkəmənin onu cəzalandırmaq əvəzinə bu cinayətlərə göz yummasının başqa izahı yoxdur.(azadlı.info)