“Azərsu” ASC Böyük Britaniyanın "The Daily Mail" nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə cavab verib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının virtualaz.org-a verdiyi məlumata görə, bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur: “İlk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.
Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilmişdir”.
A.Cəbrayıılı qeyd edib ki, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyta keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb. Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su təminatına nail olunub.
“İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir. Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krandan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər”, - deyə ASC rəsmisi bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazıb ki, Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir.
APA xəbər verir ki, nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.
Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib. "Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik", - deyə ekspertlər qeyd edib.
Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən "Hepatit A"-ya yola aça bilər. Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdə də analoji vəziyyətdir.


Şərhlər