Bakıda qalmaqallı mehmanxanın yerində nə tikilir?

Bakıda uzun müddət ətrafında suallar yaranmış mehmanxananın taleyinə aydınlıq gətirilib. Milli.Az-ın məlumatına görə, illər öncə fəaliyyəti dayandırılmış, sonradan sökülmüş “Gənclik” mehmanxanasının yerində əzəmətli binanın tikintisinə başlanıb.

Həmin ərazidə qədimi üslubda yeni mehmanxana inşa olunacaq. Gənclik meydanında artıq 7 mərtəbəli, mansardlı mehmanxana binasının inşasına başlanıb. İşlərin gələn ilin mayına kimi başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, sözügedən mehmanxana Azərbaycanda özəlləşdirmə başlayandan sonra akademik Cəlal Əliyevin himayəsi altında olan "AMAY" firması tərəfindən özəlləşdirilmişdi. 90-cı illərin sonlarında isə binanın qarşısına uzun artırma tikilmiş, təmir işləri başlamışdı. Lakin o vaxtkı prezident Heydər Əliyev binaya yöndəmsiz artırmanın sökülməsi barədə göstəriş verdikdən sonra işlər dayandı və bir neçə ildən sonra bina tamamilə söküldü. Təxminən 2007-ci ildə isə "AMAY" şirkətinin rəsmi sahibi Abdulla Abdullayevlə Cəlal Əliyevin münasibətləri korlandı və onların arasında əmlak bölgüsü oldu. "Gənclik" mehmanxanasının tərəflərdən hansına qaldığı dəqiq məlum deyildi. Lakin uzun illər istifadəsiz saxlanmasına görə, ehtimal etmək olar ki, "Gənclik" bölgüdə Abdulla Abdullayevə qalmışdı. 3-4 il əvvəl iflasa uğrayan, hakimiyyətdəki güclü dairələrin hədəfinə düşən, əmlakı yağmalanan və nəhayət, bir neçə gün əvvəl həbsə atılan A.Abdullayevin mehmanxananı kiməsə satdığı, yoxsa əlindən alındığı məlum deyil.

Vaqif NƏSİBOV

Azpolitika.info