İş adamı Abdulla Abdullayev ölkə prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə özü gedibmiş. Bunu aprelin 11-də ”Media forum” saytına açıqlamasında onun vəkili Əkbər Bağırov deyib.
Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib. Aprelin 10-da Bakı Apellyasiya məhkəməsi Abdulla Abdullayev haqda Binəqədi Rayon Məhkəməsinin çıxardığı həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Vəkil Əkbər Bağırov “Media forum”a deyib ki, Abdulla Abdullayev aprelin 4-də özü Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedib. Orda saxlanılıb, vəkilin iştirakı ilə dindirilib və sonra məhkəməyə aparılaraq barəsində 2 ay 8 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Vəkil deyib: “İstintaq orqanına təqdim etmək üçün vəsatətlər hazırlayıram. Bu vəsatətlərin biri həbsin qanunsuz olması ilə bağlıdır. İşdə mənə aydın olmayan məqamlar barədə suallara da cavab tapmaq istəyirəm. İstintaqın bizim vəsatətlərə verəcəyi cavablardan asılı olaraq əlavə vəsatətlərimiz ola bilər”.
Əkbər Bağırov əlavə edib ki, istintaqa bu iş üzrə əlaqəli şəxslər çağırılır: “Abdulla Abdullayevin ailə üzvlərinə təzyiq yoxdur. Evində və ofisində axtarış aparılmayıb”.

Şərhlər