Azərbaycanda vergidən yayınma hallarının qarşısını almaq məqsədilə “Whistleblow” mexanizmi tətbiq ediləcək.
“Marja” xəbər verir ki, bu Prezidentin sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə qeyd olunub.
“Whistleblow” beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma mexanizmidir. Bu mexanizmə görə, işçi çalışdığı təşkilatın gizlətdiyi vergilər barədə vergi orqanına məlumat verə bilər. Ümumiyyətlə, Whistleblow” mexanizmi ilə, işçilər çalışdıqları şirkətdə qanunsuzluqlara, ədalətsizliklərə, sui-istifadələrə səssiz qalmırlar, bu barədə dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə (KİV) məlumat verirlər.
Bir çox hallara şirkətdə baş verən qanunsuzluqları aşkara çıxaran adamlar şirkətə xəyanət etmiş hesab edilirlər. Şirkət rəhbərləri belə adamları “xain”, “xəbərçi” və ya “problem çıxaran” adlandırırlar. Beynəlxaq təcrübədə isə tam əksinə, o adam cəmiyyətdə "nümunəvi vətəndaş" kimi qəbul olunur. Lakin belə adamların başqa şirkətlərdə yenidən iş tapması çox çətin olur. Buna görə, yaradılacaq mexanizm ilə işsiz qalacaq belə “xainlərin” sosial təminatı da həll olunmalıdır.


Şərhlər