Azərbaycanda Hafiz Hacıyevi tanımayan yoxdur. Onun cəmiyyətdə necə tanınmasını hamımız yaxşı bilirik. Nədənsə son vaxtlar saytlar və qəzetlər ona yaman çox yer ayırırlar. Yəqin ki, daha çox məcara adamı kimi ona müraciət edirlər. Bu zalım oğlu da elə bil ki, “Pandoranın yeşiyindən” çıxıb. Ağzına nə gəldi danışır. El məsəli ilə desək: “Çatana çatır, çatmadığına daş atır”.

Son vaxtlar onun təhsildən tez-tez danışdığının şahidi oluruq. Cəmi 1 il balıq naziri (?) işləmiş Hafiz Hacıyevin fəhmi çatsa idi, balıqçılıq üzrə ekspert ola bilərdi. Məsələn o, okean balığı ilə çay balığının fərqi və s. kimi məsələlərə çox yaxşı aydınlıq gətirə bilərdi. Keçmiş təhsil naziri Firudin Cəlilov elə-belə ona vəzifə verilməsini hökumətə tövsiyyə etməmişdi. Firudin müəllim Hacıyevin bacarığına bələd olan adamdır. Deyəsən onlar boş vaxt tapanda təhsildən də söhbət edirlər. Hacıyevin ritorikasından bu dərhal görünür.

Bu günlərdə saytların birində Prezidentin imzaladığı bir sərancamla bağlı təhsil ekspertlərindən rəylər soruşulub. Və maraqlıdır ki, Hafiz Hacıyevi bu adla onların sırasına qoşublar: “Təhsil sahəsində baş verənlərlə bağlı qalmaqallı açıqlamaları ilə yadda qalan, prezidentliyə 3 dəfə namizəd olmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev”.

Sayt rəhbərliyi əvvəlcədən Hacıyevi qalmaqallı açıqlamalar verən şəxs kimi təqdim edir, sonra isə onun ağzını açdırır. Dediklərinə diqqət edin:

"Hansısa sərəncamın inkişafı təhsilin inkişafı deyil. Təhsilin inkişafı üçün layiqli kadr lazımdır. Onun başında duran rəhbər lazımdır. Bu gün Azərbaycan təhsili bərbad vəziyyətdədir. Təhsil naziri "pat" vəziyyətində qalıb. Bu gün nazir heç bir şeyə qadir deyil. Cənab prezident də çalışır ki, nəsə etsin, lakin yenə də ona mane olurlar. Çünki arada olan qüvvələr imkan vermirlər ki, işlər görülsün. Yaxşı fərmanlar, sərəncamlar verilə bilər, gözəl təkliflər irəli sürülə bilər. Lakin onu icra edənlərdən çox şey asılıdır. Belə icraçılar da yoxdur, varsa da, dövlətə xəyanət edirlər. Azərbaycan hakimiyyətinin içərisində xəyanətkar qüvvələr var, xəyanətkar insanlar var. Heydər Əliyevin zamanında xəyanət edən insanlar var ki, bu gün hakimiyyətin içərisindədirlər. Necə ki, gülənçilər Türkiyə dövlətini hökumətin içindən yeyirlər, eləcə də belə qüvvələr Azərbaycanı içindən yeyirlər. Çalışırlar ki, Azərbaycanda təhsil də bərbad vəziyyətdə olsun. Millət maariflənməsin. Mən istərdim ki, Mikayıl Cabbarov öz iradəsini ortaya qoysun. Bacarmırsa, ərizə yazsın, istefa versin ki, cənab prezident sənin ətrafındakı bəzi adamlar normal işləməyə imkan vermirlər".

Hacıyevin bu ifadələri təxribatdır. Bu gün təhsil sahəsində aparılan islahatlar çoxları kimi Hafiz Hacıyev tərəfindən də ola bilsin ki, başa düşülmür. Bu islahatların balıqçılıq “mütəxəssisi” tərəfindən başa düşülməməsi anlaşılandır. Sayt rəhbərliyi bunları bilə-bilə nə üçün oxucunu çaşdırır? Bu adam maariflənmədən danışır, lakin ailələr övladlarını onun çıxışları və müsahibələrindən qoruyurlar. Biliyi uyğun gəlməyən sahədən kimisə danışdırmaq bulanıq suda balıq tutmaq kimi bir şeydir. Bir də ki, ölkənin kifayət qədər intellektual, ağıllı və mədəni bir şəxsini, reputasiyası ötən əsrin sonlarından korlanmış birisi vasitəsilə aşağılamaq heç bir əxlaq qaydasına uyğun gəlmir. Ayıbdır! Təhsil haqqında peşəkarlar danışmalıdır. Bu sahəni gözdən salmayın.

E. Əliyev