“Görəsən nə vaxta qədər biz belə siyasətçilərin dövləti biabır etmələrinə göz yumacağıq?” Bunu AzPolitika.info-ya açıqlamasında Rusiya Federasiyasının prezidenti yanında Millətlərarası Əlaqələr Şöbəsinin üzvü, Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov bu günlərdə Rusiya Dumasında Vladimir Jirinovskinin hamilə jurnalisti təhqir etməsi ilə bağlı olan hadisəyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Jirinovskinin Dövlət Dumasında bu cür hərəkətindən bütün deputatlar utanc hissi keçirib: “Jirinovski hər kəsin önündə hamilə qadını təhqir etdi. O, heç kəsə hörmət etmədiyini dəfələrlə nümayiş etdirib. Hesab edirəm ki, bu dəfə Duma heyyətindən üzr istəməklə Jirinovskini bağışlamaq olmaz. Ona bir dərs vermək lazımdır. Buna görə də, onun toxunulmazlığı əlindən alınmalıdır və o qanunla öz hərəkətlərinə görə cavab verməlidir. Bununla yanaşı da bir neçə nəfər cəzalandırılmalıdır. Baş verən biabirçılığa mane olmağa heç cəhd də etməyən mətbuat xidmətlərinin rəhbərlərinə, LDPR Partiyasının cavan deputat üzvlərinə və rus millətini biabır edən bu şəxsə o çoxsaylı səs verən xalqa, insanlar arasında ayrıseçkilik qoyan hüquq-mühafizə orqanlarına töhmət verilməlidir. Jirinovski isə yol verilməz hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Çünki o siyasətçidir və bir siyasətçinin Dövlət Dumasında bu cür hərəkətlər etməsi, qonşu dövlətlərlə Rusiya arasında düşmənçilik yaradacaq bəyanatlar səsləndirməsinə qəti şəkildə son qoyulmalıdır. Jirinovskinin hərəkətlərini cəzasız qoymaq olmaz. Qanunları kim yazır? Jirinovski onları da müzakirə obyektinə, qınağa çevirir. Belə olmaz”.
Ülkər Musazadə


Şərhlər