Pərviz Həşimli məhkəməsində yeni faktlar açıqladı
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi.
Proses başlayanda P.Həşimli bildirdi ki, bura gələn zaman MTN istintaq təcridxanasında məhkəmə ilə bağlı qeydləri əlindən alınıb. Həbsinin siyasi sifarişlə həyata keçirildiyini deyən P.Həşimli vəsatətlə çıxış etdi.
Bildirdi ki, beynəlxalq qurumlar onun həbsdən azad edilməsi tələbi ilə çıxış ediblər. Jurnalist daha sonra həmin bəyanatları məhkəməyə təqdim etdi. Hakim bu sənədlərin vəsatət şəklində yazılıb məhkəməyə təqdim olunmalı olduğunu dedi.
P.Həşimli isə bir daha bildirdi ki, onun həbsi siyasi sifarişdir. Jurnalistin sözlərinə görə, həbsindən Eldar Mahmudovun xəbəri belə olmayıb: “Amma məni sirf sifarişlə, Əli Nağıyevi və Cavid Qurbanovu vurmaq üçün həbs ediblər. Həm də İlqar Əliyev mənim barəmdə Eldar Mahmudova yalandan raport yazıb ki, guya mən bu şəxslərdən pul alıb müxalifətə verirəm. İlqar Əliyev məni bu şəxslərin əleyhinə ifadə verməyə məcbur edib. Amma mən olmayan şey barədə yalandan ifadə verməmişəm”.
Vəkil Elçin Sadıqov isə istintaq zamanı P.Həşimliyə təzyiq edilməsində adı hallandırılan MTN zabitləri - Əlisahib Mürşüdov və İlqar Əliyevin, o cümlədən P.Həşimlinin həbsi anını görmüş “Moderator” saytının əməkdaşı Sədi Əliyevin, P.Həşimlini Gəncə şəhərində T.Qurbanovla tanış etmiş İlqar Murtuzovun də əlavə şahid kimi prosesdə dindirilməsi barədə vəsatət verdi.
P.Həşimli isə verilən vəsatətlərə əlavə olaraq qeyd etdi ki, əslində Gəncədə T.Qurbanov özü onunla tanış olmağa can atıb: “Mən bunların ikisi ilə də cəmi bir dəfə görüşdüm və ayrılıb maşına minmişdım ki, Təvəkkül qaça-qaça gəldi ki, oğlunun kəsir işi var. Elşən Murtuzov da təzyiq altında ifadə verib”.
Jurnalist daha sonra həbsinin siyasi sifariş olması ilə bağlı dediklərini arqumentləşdirdi: “Mənə istintaq zamanı Vəli Nağıyev və Cavid Qurbanovla bağlı çoxsaylı suallar olub. Məndən bu şəxslərlə necə tanış olduğumu soruşublar. Mən də səmimi şəkildə bu şəxslərlə tanış olduğumu, münasibətlərimizin sırf şəxsi xarakterli olduğunu demişəm. Bu şəxslərin mənim vasitəmlə müxalifətə pul verib-verməmələri ilə xüsusi maraqlanıblar. Hətta Elçin Quliyevin otağında mənə Qurani-Kərimə əl basdırıb and da içdiriblər. Mən, hacıyam, Allaha inanan adamam. Mən də and içib bu şəxslərin müxalifətlə heç bir əlaqələrinin olmadığını demişəm. Hamı bilir ki, MTN-in Nağıyev qardaşları ilə mübahisəsi var və məndən istifadə edib onları vurmaq istəyirdilər”.
Hakim isə əsəbi şəkildə P.Həşimlinin sözünü kəsdi: “Biz burada MTN-i müzakirə etmirik. Bu nə sözdür? MTN Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh və bunu təmin edən qurumdur, bunu unutmayın!”
Qısa fasilədən sonra proses hal şahidi Sevda Aslanovanın dindirilməsi ilə başladı. 1962-ci il təvəllüdlü Bakı şəhər sakini S.Aslanova ürəyindən əməliyyat keçirdiyi üçün bir neçə prosesə gələ bilmədiyini deyərək ifadəsini qısa şəkildə dilə gətirdi: “Qonşumuz Aybəniz gəlib dedi ki, bir yer var, gəl gedək. Mən də ona qoşulub getdim. Bu kişi də (T.Qurbanovu göstərərək - müəllif) tapança çıxartdı, təhvil verdi. Mən də qorxub çölə çıxdım”.
Vəkil Bəhruz Bayramovun suallarına cavab zamanı isə bəlli oldu ki, ümumiyyətlə şahid hara və nəyə görə getdiyini bilməyib. Ona hüquq və vəzifələri də izah edilməyib. Geyimindən dindar xanıma oxşayan S.Aslanova verilən suallara cavab olaraq, şahidliyə getməsi ilə bağlı səhv addım atdığını da dedi: “Mən Allaha inanan, xəstə bir adamam. Mənə kiminsə üzünə durmaq yaraşmaz. Səhv edib qonşuya inanıb getdim. Bir daha belə iş tutmayacam. Allah da günahlarımdan keçsin”.
P.Həşimli isə şahidə sual verməkdən imtina etdi: “Dindar adamdır, Aybəniz bunu aldadıb aparıb, bu xanıma nə sual verim?”
Proses aprelin 28-i saat 10.00-da davam edəcək.(Musavat.com)

Şərhlər