“ABŞ Suriyada müharibəyə başlamazdan öncə təmkin nümayiş etdirməlidir”

Suriyadakı vətəndaş müharibəsi üzündən, Rusiya ilə ABŞ arasındakı gərginlik kəskinləşib. Vaşinqton beş ildir davam edən bu münaqişənin durdurulması ilə əlaqədar Rusiya ilə apardığı ikitərəfli danışıqları dayandırıb.

Moskva isə kəskin bəyanat verərək, hərbi məqsədlər üçün nəzərdə tutulmuş 34 ton plutoniumun utilizasiyası barəsində 2000–ci ildə bağlanmış müqavilənin yerinə yetirilməsini durdurub. Bu arada isə Suriya rejiminin qoşunları Rusiya aviasiyasının köməyi ilə, müqavimət qüvvələrinin Hələb şəhərindəki mövqelərinə qarşı sərt hücumlarını davam etdirirlər. Belə görünür ki, Vaşinqton bu hadisələrin gedişinə təsir göstərmək gücündə deyil.

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında əldə olunmuş atəşin dayandırılması ilə əlaqədar razılaşmanın pozulması nəticəsində Suriya rejimi hücuma keçib. Bundan sonra Vaşinqtonda bir çoxları uca səslə qətiyyətli addımlar atılmasını və “B” planının işə salınmasını tələb etməyə başlayıblar. Lakin prezident Obama və onun Milli təhlükəsizlik şurasının üzvləri, əllərindəki seçim imkanlarının heç də böyük olmaması ilə qarşılaşıblar. Baxılması mümkün olan dörd variant arasında uçuşsuz zona, təhlükəsizlik zonasının yaradılması, Suriya aviasiyasına zərbə endirmək və müqavimət qüvvələrinə əlavə silah yollanılması var. Amma hər bir variant özü ilə birlikdə vəziyətin gərginləşməsi və nəticəsi məlum olmayan cavab reaksiyaları da gətirə bilər.

ABŞ Suriya rejiminin və Suriyadakı Rusiyanın Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə sistemlərini dağıtmaq gücündədir, bu isə uçuşa yasaq və ya təhlükəsiz zonanın tətbiqi üçün əsas şərt hesab olunur. Ancaq burada hüquqi və hərbi xarakter baxımından bir sıra təhlükələr mövcuddur. Hüquqi problem ondan ibarətdir ki, formal cəhətdən ABŞ Suriya ilə müharibə vəziyyətində deyil, həm də ki, bu ölkənin ərazisində Amerika ordusunun fəaliyyəti üçün BMT–nin müvafiq qətnaməsi qəbul edilməyib.

Hətta ABŞ-ın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar formal olaraq qanunsuzdur. Dövlət katibi Con Kerri Suriya müqavimət hərəkatının fəalları ilə görüşü zamanı qeyd edib ki, Obama administrasiyası bu barədə bilir.

Kerrinin müqavimət qüvvələri ilə söhbətini “New York Times” qəzeti dərc edib. Suriya müxalifəti ilə görüşü zamanı Con Kerri deyib: “Problem ondadır ki, ruslar üçün beynəlxalq hüquq normaları əhəmiyyətsiz bir şeydir, amma bizim üçün isə yox! Bizim hüquqşünaslar deyirlər ki, əgər BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməzsə və suriyalılar bizə hücum etməyiblərsə, bizi öz ölkələrinə çağırmayıblarsa, onda bizim ora müdaxiləmizin əsası yoxdur. Ancaq Rusiyanı Suriyadakı qanunu rejim dəvət edib”.

Uçuşsuz və ya təhlükəsizlik zonası tətbiq edildiyi təqdirdə, Amerikanın döyüş aviasiyası Vaşinqton və onun müttəfiqləri tərəfindən müəyyənləşdirilmiş hava məkanını pozduqda, Rusiya və Suriya təyyarələrini vurmalıdırlar. Amerikan siyasətçiləri yəqin ki, Amerika ilə müharibəyə başlamağı arzulamayan Moskvanın geri çəkilərək, ABŞ-ın tətbiq etdiyi uçuşa yasaq zona ilə barışacağını istəyirlər. Elə Vaşinqton da, özünün sələfi olan Sovet İttifaqının hərbi qüdrətinin yalnız az bir hissəsini saxlamış, lakin planetimizdə ABŞ-ı radiaktiv külə döndərə biləcək yeganə dövlət olan Rusiya ilə vuruşmağı arzulamır.

Hakimiyyətdə qalmasına cəmi dörd ay qalmış Amerika prezidentinin nüvə dövləti ilə müharibə riskinə girişməsi çox az ehtimal olunan bir məsələdir. Digər yandan isə, bu münaqişədə Amerikanın həyati vacib maraqları çox azdır. Bəlkə də heç yoxdur. Ruslar bu haqda bildikləri üçün, Amerikan ordusu ilə qarşıdurmada çətin ki, geriyə addım atsınlar - masanın üstünə ölkənin və hətta Putinin şəxsi prestiji qoyulub.

Beləlilə, bəlkə də bu münaqişə proqnozlaşdırılması mümkün olmayan tərzdə inkişaf edir. Yerli miqyaslı hadisələr üzündən gözlənilməz nəticələrin ola biləcəyini başa düşmək üçün tarixə baxmaq kifayətdir. Heç kim, ershersoq Frans Ferdinandın öldürülməsinin Birinci Dünya Müharibəsinə gətirib çıxaracağını öncədən söyləyə bilməzdi.

ABŞ ordusunun qərargah rəislərinin biləşmiş komitəsinin sədri general Cozef Danford 22 senyabr tarixində silahlı qüvvələr üzrə senat komitəsindəki çıxışında bildirib ki, təqdim olunan şəkildə uçuşsuz zonanın tətbiq edilməsi Rusiya və Suriya ilə müharibəyə gətirib çıxaracaq. O deyib: ”Suriyadakı bütün hava sahəsinə nəzarət etmək üçün, bizim Suriya və Rusiya ilə müharibəyə girməmiz lazımdır. Bu olduqca ciddi bir qərardır və mən bunu qəbul etməyə hazırlaşmıram”.

Daha pis variant isə, Suriyanın HHQ-ə və onların bazalarına ABŞ-ın hərbi hücumudur. İş ondadır ki, bu Suriyaya qarşı açıq hərbi təcavüzdür və bu uçuşsuz və təhlükəsiz zonanın tətbiqindən də daha ciddi məsələdir. Dövlət katibi Kerrinin dediyi kimi, BMT Təhlükəsizlik Şrasının qərarı olmadan, müharibəyə başlmaq üçün ABŞ-ın əlində hüquqi əsas olmayacaq.

ABŞ-ın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və dəniz piyadaları korpusu Suriya və hətta Suriya ərazisindəki Rusiya aviasiyasını və Hava Hücumundan Müdafiə sistemlərini çox asanlıqla məhv edə bilər. Moskvanın əlində “S-400” zenit-raket komplekslərinin olmasına baxmayaraq, onlar Amerikanın radarlarda görünməyən “F-22 Raptor” təyyarələrini məhv edə bilməz. Çünki bu təyyarələr Hava Hücumundan Müdafiə vasitələrini yarıb keçərək, onları məhv etmək qabiliyyətindədir. Rusiyanın “Su-30SM” və “Su-35S” təyyarələri “F-22”-lərə qarşı uzun müddətə duruş gətirə bilməzlər. ”F-22 Raptor” xüsusi olaraq, sovetlərin yeni nəsil qırıcılarına qarşı mübarizə üçün yaradılıb.

Əsas problem ondadır ki, Moskva amerikanların Suriya ordusuna hücumunu sakitcə müşahidə etməyəcək. Bir çox rusiyalı hərbi mütəxəssis döyüş cərgələrində dayanıblar və əgər Vaşinqton zərbə vuracaqsa, onda onlar atəş altında qala bilərlər. Moskvanın bəyanatı onu göstərir ki, o, Əsəd güclərinin məhv edilməsinə imkan verməyəcək.

Əgər amerikalı hərbçilər Suriyaya müdaxiləyə başlasalar, onda Rusiya və Suriya ordusu cavab zərbələri vuracaqlar. Amerikanın “F-22”–ləri çox tezliklə və kifayət qədər asanlıqla Rusiyanın “S-400”, ”Pançir S-1”, həmçinin də “Su-30”, ”Su-35”, ”Su-34” təyyarələrini məhv edəcək. Amerikanın dördüncü nəsil “F-15”, ”F-16” və “F/A-18” təyyarələri, ”F-22 Raptor” və “B-2” strateji bombardmançılarının ruslar tərəfindən qurulmuş HHM sistemlərini məhv etmələrini gözləyəcəklər. Nəzərə alsaq ki, ”S-400” raketlərinin radiusu 400 kilometrdir, onda belə çıxır ki, bütün Suriya ərazisi onların müdafiəsi altına düşür. Hazırda gözlənilməz nəticələrə gətirib çıxara biləcək Rusiyanın yeni “40N6” raketinin istifadəyə verilməsi hələ bəlli deyil.

Rusiya ABŞ və NATO ordusuna qarşı təkcə Suriyada cavab verməklə yetinməyəcək. Öz arsenalında “Kalibr-NK” qanadlı raketlər, uzaq məsafəyə uçan bombardmançıları və sualtı qayıqları olan Kreml, geniş coğrafi hüdudlar çərçivəsində cavab zərbəsi vura bilər. Rusların uzaq mənzilli yüksək dəqiqlikli qanadlı raketlər vasitəsilə amerikanların Qatar, Birlşmiş Ərəb Əmirlikləri və ya Türkiyədəki bazalarına cavab zərbələrinin endirilməsi də istisna olunmur. Rusiyanın Qara dəniz və Xəzər dənizi donanmaları bu cür hədəfləri asanlıqla vura bilərlər. Bundan başqa, Moskvanın əlində ABŞ-ın kontinental hissəsinə zərbə vurmaq qabiliyyətinə malik təhlükəli aviasiyası var.

Beləliklə, Rusiya və Suriya ilə münaqişəyə girmək çox asandır, lakin atəş və itkilərlə müharibə aparılması nəzarətdən çıxa bilər. Müharibəyə başlamazdan öncə təmkin nümayiş etdirmək daha məntiqli olar. Həm də ki, nüvə dövlətinə qarşı.

Bu münaqişənin gedişində bütün xətlər silinib gedib və “yaxşı oğlanlar” demək olar ki, qalmayıb. Axı, hətta Amerikanın dəstəyini alan “mötədil” müqavimət qüvvələri də baş kəsməklə məşğuldurlar. Belə bir vəziyyətdə yaxşı olardı ki, ABŞ heç nəyə qarşımadan hər şeyi olduğu kimi saxlasın. Çünki bizim arı yuvasına barmaq uzatmağımıza heç bir ehtiyac yoxdur.

(“The National İnterest”-ABŞ)