Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.<

Anar Məmmədlinin vəkili Fariz Namazlı “Media forum” saytına bildirib ki, ilk iclasda işdə zərərçəkmiş kimi keçən şəxslər dindirilib: “Dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olundu. Amma müdafiə tərəfi olaraq bildirdik ki, hər üç şəxs özünü elan edilmiş ittihamla təqsirli bilmir. Ona görə də biz məhkəmədən ittiham tərəfinin sübutlarının araşdırılmasını və zərərçəkmiş şəxslərin dindirilməsini xahiş etdik. Bütün bu proseslər olduqdan sonra təqsirləndirilən şəxslər ifadə verəcək.

Bu gün məhkəməyə gəlmiş 5 zərərçəkən verdikləri ifadədə təqsirləndirilənlərə qarşı hər hansı bir şikayətlərinin, tələblərinin olmadığını, maddi və mənəvi ziyana düşmədiklərini bildirdi”.

Növbəti proses mayın 5-nə təyin olunub.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub. O, külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürüb.

- See more at: http://azerinews.tv/index.php?newsid=9951#sthash.cJz98AmN.dpuf